Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
AMEA-dan Mektebgushesi.az-a bildirilib ki, iclasda İctimai Elmlər Bölməsi üzrə 2024-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub.
Akademiyanın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva bölmə üzrə elmi-tədqiqat müəssisələrində keçirilən qəbulun nəticələrini açıqlayıb. Sonra doktorant və dissertantların mövzuları müzakirə edilərək AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda 2025-ci il üçün doktorantura və dissertanturaya qəbul planına dair təkliflər müzakirə edilib və AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Akademik Gövhər Baxşəliyeva qəbul planına elmi-tədqiqat müəssisələrinin daha çox ehtiyac duyulan ixtisaslarının ayrılmasını vurğulayıb.
Həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə edilib.“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Daha sonra akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayevin “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda məruzəsi dinlənilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.