Oktyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun tələbələrlə görüşü keçirilib.
Müxtəlif kurslarda təhsil alan tələbələrin, universitetin əməkdaşlarının iştirak etdiyi görüşdə dosent Vazeh Əskərov öncə təhsil və tədrisin yüksəldilməsi üçün ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən ADNSU-da yaradılan şərait barədə tələbələrə məlumat verib.
ADNSU-nun elmi tədqiqat istiqamətində əldə etdiyi uğurların və beynəlxalq reytinqlərdə yüksək sıralara irəliləməsi fonunda tədrisin də müasir tələblərə uyğunlaşdırıldığını qeyd edən rektor əvəzi bildirib ki, müasir texnologiyanın tədrisə tətbiqi, peşəkar professor-müəllim heyəti tərəfindən keçirilən dərslər imkan verir ki, biz dövlətimiz, cəmiyyətimiz və xalqımız üçün yüksək ixtisaslı mühəndislər yetişdirək.
Görüşdə dosent Vazeh Əskərov universitetdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi haqqında tələbələr arasında aparılmış sorğunun nəticələrini iştirakçılarla bölüşüb, tələbələrin istək və arzularının universitet üçün əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb.
Səmimi formatda keçirilən görüşdə tələbələr təhsil və tədris, tələbəlik fəaliyyətləri, universitet həyatı və digər bu kimi mövzularla bağlı təklif və istəklərini, suallarını birbaşa dosent Vazeh Əskərova ünvanlayıblar.
Aktivliklərinə görə tələbələrə təşəkkür edən rektor əvəzi hər bir sualı ətraflı cavablandırıb və bir sıra məsələlərin qısa zamanda həll olunması üçün aidiyyəti dekanlıqlara tapşırıqlarını verib.
Sonda tələbələr səmimi söhbətə və görüşə görə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərova təşəkkürlərini bildiriblər.