Lənkəran Dövlət Universitetində (LDU) “Türk dövlətləri tərkibində inteqrasiya prosesləri: Müasir çağırışlar və hədəflər” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Onlayn və canlı formatda keçirilən konfransa Türkiyə, Macarıstan, Özbəkistan, Ruminiya, Qazaxıstan, Qırğızıstan və s. ölkələrin ali təhsil ocaqlarından və elmi təşkilatlarından nümayəndələr qatılıb. Ümumilkdə, 25 ali təhsil müəssisəsi və elmi təşkilatlarının nümayəndələri Beynəlxalq elmi-praktiki konfransa humanitar elmlər, təbiyyat və riyaziyyat elmləri, aqrar və iqtisadiyyat elmləri bölmələri üzrə 80 tezis təqdim ediblər.
Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Beynəlxalq elmi-praktiki konfransı açaraq iştirakçıları salamlayıb və konfransın işinə uğurlar diləyib. Rektor LDU-nun son illərdə genişlənən beynəlxalq əlaqələrindən, Türkiyə Cümhuriyyəti universitetləri ilə ikili diplom layihəsindən, birgə keçirilən seminar, konfranslardan danışaraq bildirib ki, Lənkəran Dövlət Universiteti bundan sonra da fəaliyyətində bu istiqaməti əsas götürəcək. Prof. Natiq İbrahimov LDU ilə Avropa universitetləri arasında genişlənən elmi və işgüzar əlaqələrdən, perspektivlərdən də söz açıb.
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov Beynəlxalq elmi-praktiki konfransdakı çıxışında təmsil etdiyi ali təhsil ocağında bu istiqamətdə görülən işlərdən, qarşıdakı perspektivlərdən, Türkiyə Universitetləri və türkdilli dövlətlərin ali təhsil ocaqları ilə genişlənən əlaqələrdən danışıb, LDU-nun bu sahədəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Kamal Mahmudov “Türk dünyasında mədəni inteqrasiya: problemlər və perspektivlər”, Sosial məsələlər üzrə prorektor, dos. Ramiz Şəmmədov “Türk dilli dövlətlərin ekoloji problemləri, perspektivlər və həll yolları, “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dos. Gülbəniz Əliyeva “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı iqtisadi inkişaf modelində” mövzularında məruzə ediblər.
Məruzə ətrafında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi üzrə təmsilçisi, Elm üzrə prezident mükafatçısı Elnur Həsənov LDU-da keçirilən Beynəlxalq elmi-praktiki konfransın vacib mövzuya həsr olunduğunu deyib, müzakirəyə çıxarılan məsələlərin aktuallığı, məruzələrdə irəli sürülən təklif və mülahizələrin həlli yolları və s. barədə söz açıb.
Plenar iclasdan sonra konfrans işini bölmə iclaslarında davam etdirib.