Giriş üçün bir neçə söz: əvvəlcə müəllimlər haqqında
Müəllimlər elə həmişə gözlərindəki işığı kitabların, dəftərlərin arasında xərcləyiblər. Gözlərdəki işıqlar itdikcə beyindəki və ən əsası ürəklərindəki işıqlar da çoxalıb. O qədər çoxaldı ki, bir gün bu müəllimlər (söhbət əsl müəllimdən gedir) ayılıb gördülər ki, hamıdan kənarda özlərinin qurduğu bir “işıq səltənəti”ndə məskunlaşıblar. Və… bir də onu gördülər ki, onlara alternativ olan “qaranlıqlar səltənəti”ndə artıq qəbul olunmurlar. Beləliklə, öz işıqları özlərinə qənim kəsildi əls müəllimlərin… İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı müəllimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi. Amma başlarını dik tutan da var idi. Necə də olsa, bu “qaranlıq səltənət”də özlərində işıq daşıyırdılar….
Keçək “Komedixana”ya
Yox, biz də bir qism adamlar kimi “Komedixana” yumor tv layihəsini tənqid edib, orada neqativ meyillər axtarmayacağıq. Sözümüzün canı, yəni, “Mustafası” var… Son illərin məşhur komediya ekran layihəsi olan “Komedixana” ilə bağlı fikirlər birmənalı deyil. Çoxluq bu projeyə TV vasitəsilə davamlı şəkildə baxır, “YouTube” platforması üzərindən mütəmadi izləyir, “TikTok”, “İnstagram” və s. sosial şəbəkələr sayəsində də qısa çarxları paylaşırlar. Hər halda reallıq “Komedixana”nın çox böyük auditoriyasının olmasından xəbər verir. Kimin nə deməsindən asılı olmayaraq… Doğrudur, zaman-zaman bir qism tamaşaçılar tərəfindən komediya proqramında aktyorlar tərəfindən aşırı vulqar ifadələrin işlədildiyi, milli-mental dəyərlərimizə ziddi zarafatların edildiyi desələr də fakt öz faktlığında qalır;bu gün “Komedixana” çox böyük auditoriyaya malik bir tv layihəsidir.
Sözün Mustafası…
Təbii ki, bir təhsil məsələləri üzrə tədqiqatçı olaraq ara-sıra baxdığım komediya layihəsində təbii ki, təhsilə aid detalları, ona olan sosial yanaşmanı, cəmiyyətin münasibət və dəyərləndirməsini əks etdirən mesajlar axtarır və incələməyə çalışırıq. İstedadlı (mən qətiyyətlə bu fikirdəyəm) ssenarist Ənvər Abbasov və komandası bəzi mesajları Ezop dili ilə də ustalıqla təqdim etməyi bacarırlar. Həmin sözaltı bombaları tutmaq, gülüşün mina xəritəsi üzərində hərəkət etmək isə artıq tamaşaçının ixtiyarına buraxılır.
Elə yumor proqramının son həftədəki buraxılışında “Repetitor” səhnəsi bir çox sosial mesajları, təhsilə olan natamam baxışları özündə tam şəkildə əks etdirə bilmişdi. Hər zaman özüm də daxil, bir çox təhsil mütəxəssisləri repetitorlardan danışarkən onları tamam tənqid etmiş və repetitorluq institutunu təhsilin kürəyinə vurulan xəncər yarası kimi tanıtmışıq. İnsafən, bizləri də haqlı edən müəyyən həqiqətlər var; təhsilimiz bugün repetitorluq institutunun qara kölgəsində daldalanmaqdadır, məktəb deyilən energetik aura öz işığını bu qaramatda əritməkdədir. Amma bütün bu detallar məsələyə birtərəfli baxış kimi qəbul edilməlidir. Məsələnin digər tərəfində isə repetitorluğun işgəncə dolu, əzablı tərəfi dayanır ki, “Komedixana” aktrisa Xəyalə Quliyevanın timsalında bunu ustalıqla göstərməyi bacarıb.
Demək, sıradan bir azərbaycanlı evi… Tənbəl və işsiz həyat yoldaşı… Heydən düşən qoca qaynata ilə bir evdə yaşayan və işi ilə bərabər onların da qulluğunda durmağa məcbur olan xanım repetitor… Gülüş motivləri arasında o şəxsən mənim tanıdığım bir xeyli repetitor müəllimənin ortaq simasını özündə cəmləyir. Obraz narahatdır; indi uşaqlar yanına hazırlığa gələcək, valideynlərinin verdiyi pul və o pulun hər dəfə xatırlatdığı, insanı içdən-içə parçalayan məsuliyyət hissi.. Elə şagirdlər otağa girib masa arxasında oturan kimi aylıqlarını müəllimə vermək məsələsinə gələndə müəyyən mesajları eşidirik: şagirdlərdən yalnız biri aylıq ödənişi təqdim edir və o da pulu verərkən deyir: “müəllimə amma atam dedi ki, müəlliməyə pulu ver, amma denən ki, mütləq “inistuta” girməliyəm…”…
Reallıqda da belədir: bir neçə yerə parçalanmış repetitor həyatı bir ömür bu məsuliyyət hissinin altında keçir. Bu müəllimə aktrisanın oynadığı onlarla obrazdan yalnız biridir. O, başqa səhnədə başqa rolu canlandıracaq. Amma hər gün minlərlə insan -repetitor bu məsuliyyətlə günü açır və günü qapayır. Biz amma nədənsə öz xidmətini min bir mənəvi-psixoloji, ən əsası zehni yorğunluqla təqdim edən bu insanlararı niyə hər zaman pula-pul deməyən kəsim kimi dəyərləndiririk? Şəxsən, bugün də bizdə bu dərəcədə tüğyan edən repetitorluq institutunun qəti əleyhinəyəm. Amma bunun əsas səbəbkarı hər hansı fənni dərsdən sonra 3-5 nəfərə yenidən tədris edən müəllim deyil ki… O burada ən son elementlərdən biridir… Bizdə orta təhsil müəssisələri üçün tərtib olunan vahid tədris proqramı ilə, qəbul imtahanı suallarının tərtib olunduğudigər paralel proqram arasında o qədər dərin uçurum var ki, şagirdi bu qara zolaqdan məhz yenə də həmin repetitor çıxarır. Onu tam günahsız hesab etmirəm. Çünki repetitorların da çox hissəsi məktəbi ümumiyyətlə arxa plana atdı, özünü dərsdə yox hazırlıqda yordu. Amma hər bir halda o da insandır və parçalanmış həyatı yaşamaq hamı kimi, ona da xoş deyil…
Bu arada… “Komedixana”nın həmin səhnəsində repetitor uşaqlarla test suallarını işləyərkən əri (aktyor Fərda Amin) səhnəyə daxil olub, ondan yemək, bir az da keçmiş, çörəyin yerini soruşur. Daha sonra qoca qayınata hazırlıq keçən gəlinindən onu bankalamasını istəyir. Hələ bu azmış kimi, qonşu da əlində bir qazan dolma ilə içəri girib müəllimədən onu bükməsini istəyir… Tamaşaçı bunlara gülür… Gülə-gülə də düşünür yəqin… Situasiya həm də tragikomikdir. Amma ən dəhşətlisi isə budur: hazırlığa gələn şagirdlərdən biri onun evdəki məişət zəminli işlərini görür və bu işlərdə də bacarıqlıdır. Sonda isə özü etiraf edir:”müəllimə, mən bunları əla bilirəm e, hazırlığa elə-belədən gəlirəm”… Bax bu cümlə isə faciənin əsl üzüdür. “Niyə repetitorluq məktəbi məhv etdi?”sualının əsl cavabıdır.
Sonda əvvələ qayıdaq…
Yazının əvvəlində belə bir ifadəni qeyd etmişdik: “İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı müəllimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi”.Repetitorluq bəlkə elə sırf buna görə artdı? İşıqlı başların boş ciblərə məğlub olmaması üçün bu qədər irəli getdi?
Amma çooxx, lap çooxxx irəli getdi… Gərək, işıqlı başlar özlərini nə bu qədər parçalara ayıra, nə də işıq səltənətinə (burada məktəb) xəyanət edə idilər…
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
Təhsil məsələləri üzrə tədqiqatçı