Dərc olunub: 18.10.2024

Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb. Görüşdə uşaqların təhsil hüquqları, məktəblərdə “STEAM” fənninin tədrisi, məktəb kitabxanaları, olimpiadalar, elektron dərsliklər və digər mövzularda müzakirələr aparılıb. Nazir görüş çərçivəsində iştirakçıları maraqlandıran sualları da cavablandırıb. Uşaq Səfirlər Məclisinin üzvləri də öz növbələrində faydalı görüşə görə elm və təhsil nazirinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, uşaqların ictimai fəallığının artırılması və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ildən etibarən beş dəfə Ümumrespublika Uşaq Forumu təşkil edilib. Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda ölkəmizdən 300-dən çox uşağın, qardaş Türkiyədən isə 10 uşağın iştirakı nəzərdə tutulub.

Bənzər yazılar