Keçmiş SSRİ və ya Sovet dönəmində ADC-nin və Müsavat partiyasının rəhbərlərindən olan Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin nəşri, tədqiqi və ümumiyyətlə, onun haqqında müsbət mənada danışmaq qadağan edilmişdi. Məqsəd bolşevizmin düşməni olan bu milli məfkurə və istiqlaliyyət mücahidinin adını və əməllərini yaddaşlardan silmək, sonrakı nəslə unutdurmaq idi. Azərbaycan müstəqillik qazandığı vaxtdan, yəni XX əsrin 90-cı illərindən etibarən Məhəmməd Əminin əsərlərinin nəşri, tədqiqi və təbliği sahəsində müəyyən işlər görülməyə başlanıldı. Cəfakeş alim Şirməmməd Hüseynov istiqlal mücahidinin 1903-1920-ci illərdə Azərbaycanda və İranda işıq üzü görmüş mətbu məqalələrini toplayaraq kitab halında tərtib etmiş və cilddə nəşr etdirmişdir. Bununla da cəfakeş maarifçi və millət xadiminin həyat və yaradıcılığına, ədəbi-nəzəri görüşlərinə, fəaliyyətinə, ana dili, islam dini ilə bağlı fikirlərinin elmi şərhinə, ictimai-siyasi və fəlsəfi görüşlərinə hər bir vətənsevər oxucuda fikir, ideya formalaşdırmışdır.
XX əsrin əvvəllərində yaşayıb yaratmış bütün maarifpərvər ziyalılar kimi Məhəmməd Əmin Rəsulzadə də xalqın savadlanması, yeni məktəblərin və xeyriyyə cəmiyyətlərinin açılması, tədris kitablarının nəşri, müəllim kadrlarının yetişdirilməsi, milli özünüdərk və milli əxlaq, təhsilin məzmunu, qadınların təlim və təhsilə cəlb edilməsi və sair bu kimi məsələlərlə ciddi məşğul olmuşdur. Pedaqogika üzrə fəlsəfə doktoru Xatirə Zakir qızı Qocayevanın “XX əsrin əvvəllərində Azərbaycanda təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin rolu” adlı əsəri ictimai və siyasi xadim olan M.Ə.Rəsulzadənin pedaqoji irsini sistemli öyrənməsi, onun maarifçilik görüşlərini bu istiqamətdə araşdırması maraq doğurur, elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilir.
Əvəzolunmaz tarixi şəxsiyyətlərimizdən biri olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının yetişdirdiyi ən mübariz, mütəfəkkir və fədakar şəxsiyyətlərdən biri olmuşdur. XIX əsrin son onilliklərində və XX yüzilliyin birinci yarısında yaşayıb fəaliyyət göstərmiş bu fədakar insan görkəmli siyasətçi, milli ideoloq, ADC-nin qurucularından və rəhbərlərindən biri, mühərrir, naşir, publisist, maarifçi, ictimai xadim, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi və s. kimi tanınır. Xatirə Qocayeva haqlı olaraq Məhəmməd Əmin bəyi xalqımızın məktəb və təhsilinin inkişafı yolunda yorulmadan çalışan bir maarifçi-pedaqoq da adlandırır. Doğrudur, Məhəmməd Əmin Rəsulzadə bəzən qısa müddət ərzində auditoriyalara girib dərs desə də o, peşəkar müəllim kimi fəaliyyət göstərməmiş və pedaqoq kimi tanınmamışdır. Ancaq bütün bunlara rəğmən Məhəmməd Əmin bəy çoxşaxəli fəaliyyət və yaradıcılıq yoluna malik universal zəka sahibi olmuşdur. Onun fəaliyyət və yaradıcılıq irsinin bir qolunu da pedaqoji məzmunlu əsərləri təşkil etmişdir. Həmin əsərlərin tədqiqi və öyrənilməsi haqqında söhbət açdığımız şəxsiyyətin fəaliyyətini və yaradıcılıq irsini tam şəkildə anlamağa, onun gördüyü işlərin miqyasını dolğun surətdə anlamağa imkan verərdi.
Sivil dövlətlər miqyasında tanınmış Məhəmməd Əminin pedaqoji əsərləri özünün dərin məzmunu, müasirlik ruhu, yeni mündəricəsi ilə seçilir desək yanılmarıq. Bu əsərlər sonrakı dövr pedaqoqlarımız, maarif və məktəb məsələləri ilə məşğul olan mütəxəssislərimiz üçün bir nümunə, ideya-nəzəri mənbə rolunu oynaya və nəticə etibarı ilə pedaqogika elminin, təlim və tərbiyə nəzəriyyəsinin inkişafına töhfə verə bilər. Ona görə ki, M.Ə.Rəsulzadə geniş erudisiyaya malik bir şəxsiyyət olduğundan pedaqoji məzmunlu əsərlərində, bir qayda olaraq, məktəb, maarif, təhsil, təlim və tərbiyə ilə əlaqəli məsələləri mütləq dövrün ictimai, siyasi və ədəbi-mədəni hadisələri, cari və gələcək prosesləri ilə uzlaşdırmış, əlaqələndirmişdir. Ona görə də onun pedaqoji irsi dövrün pedaqoji prosesləri ilə ictimai, siyasi, ədəbi-mədəni və maarifçilik hərəkatını, bunların qarşılıqlı təsirini izləməyə, başa düşməyə imkan verir.
Bu gün Azərbaycan pedaqogika tarixi elminin qarşısında duran əsas vəzifələrdən biri də pedaqoji fikir, həmçinin məktəb və təhsil tariximizin keçdiyi inkişaf yolunu öyrənməkdir. M.Ə.Rəsulzadənin pedaqoji irsinin elmi araşdırma obyektinə çevrilməsi həm bütövlükdə pedaqoji fikir, məktəb və maarif tariximizin keçdiyi yolu, həm də XIX əsrin sonu və XX əsrin əvvəllərində bu sahədəki mənzərəni aydınlaşdırmaq, daha elmi şəkildə təsəvvür və dərk etmək üçün əhəmiyyətli və vacibdir. Bu mənada, xalqımızın maddi və mənəvi yüksəlişinə töhfə vermiş, xalqa və vətənə xidmət göstərmiş böyük şəxsiyyətlərimizi, onların maddi və mənəvi mirasını tədqiq edib tanıtmaq, indiki və gələcək nəslə çatdırmaq həmin şəxsiyyətlərin ruhu, həmçinin vətənimiz və xalqımız qarşısında bizim borcumuzdur. M.Ə.Rəsulzadə də belə layiqli şəxsiyyətlərdən biridir.
Əsər bizə deməyə əsas verir ki, xalqın maariflənməsi yolunda əzmkarlıqla mücadilə aparan M.Ə.Rəsulzadə böyüyən nəslin əxlaqi-mənəvi tərbiyəsi, ümumi, icbari və pulsuz təhsili ilə bağlı bitkin konsepsiya layihəsi yaratmışdır. Həmçinin, M.Ə.Rəsulzadənin milli özünüdərk, uşaqların təlim və tərbiyəyə cəlb edilməsi ilə bağlı ideyaları o dövrün və çağdaş dövrümüzün pedaqoji fikrinin formalaşmasında mühüm rol oynayır. Tədqiqatçı alim haqlı olaraq qeyd edir ki, M.Ə.Rəsulzadə hazırladığı milli mənəvi dirilik konsepsiyası ilə böyüyən nəslin əqlinin, milli ruhunun və cisminin bərabər səviyyədə inkişafına təkan vermişdir. Azərbaycanda ilk ali təhsilli kadr hazırlığı da M.Ə.Rəsulzadənin təşəbbüsü və əziyyəti hesabına təşkil edilən Bakı Dövlət Darülfünunda həyata keçirilmişdir.
Xatirə Qocayevanın da qeyd etdiyi kimi M.Ə.Rəsulzadənin elmi şərhinə, ictimai-siyasi və fəlsəfi görüşlərinin tədqiqinə dair V.Sultanlı, Ş.Qurbanov, M.Fərzəliyeva, N.Yaqublu, A.Əlizadə, M.Ağayev, F.Ələkbərov və b. maraqlı tədqiqat əsərləri ortaya qoymuşlar, ancaq pedaqoji görüşləri ilə bağlı akademik Hüseyn Əhmədovun, professor Əjdər Ağayev, Y.Talıbov, F.Sadıqov, S.Quliyev, F.Rüstəmov, R.Hüseynzadə və digərləri qismən də olsa bəhs etmişlər. M.Ə.Rəsulzadənin təhsilin demokratikləşdirilməsi uğrunda apardığı mübarizəsinə ilk dəfə sistemli şəkildə araşdıran tədqiqatçı Xatirə Qocayevadır.
Əsərə nəzər salan zaman görürük ki, doktorant Xatirə Qocayeva yarımfəsillər boyu M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin əsas məqamları barədə məlumat vermiş; onun pedaqoji yaradıcılığının əsas nümunələrini kompleks halında üzə çıxararaq əsas pedaqoji konturlarını müəyyənləşdirmiş; vətənpərvər ziyalının maarif və onun əhəmiyyəti barədə baxışlarını şərh etmiş; milli ideoloqun çarizmin milli ucqarlardakı, o cümlədən Azərbaycandakı maarif siyasətinin əsas mahiyyətinə, müstəmləkəçilik stixiyasına, bunun praktiki nəticələrinə göstərdiyi münasibətə aydınlıq gətirmiş; böyük maarifçinin milli məktəb uğrunda mübarizəsinin ümumi və əsas mənzərəsini canlandırmış; onun milli pedaqoji kadr hazırlığı uğrunda mübarizəsinə və bu barədə qənaətlərinə nəzər yetirmiş; müəllim və onun şəxsiyyəti barədə maarifçi ziyalının mülahizələrini analiz etmiş; millət xadiminin milli özünüdərk və milli əxlaq tərbiyəsi barədə baxışlarını təhlil süzgəcindən keçirmiş; Məhəmməd Əminin ümumi təhsilə keçid barədə fikirlərini, həmçinin bu istiqamətdə apardığı mübarizənin əsas konturlarını aydınlaşdırmış; maarif münəvvərinin təhsilin məzmunu ilə bağlı şərh və fikirlərinə aydınlıq gətirmiş; görkəmli şəxsiyyətin ana dili və onun tədrisi ilə əlaqəli mülahizələrini, bu yolda apardığı mübarizənin vacib elementlərini təhlil obyektinə çevirmiş; dini təlim-tərbiyə və onun əsas istiqamətləri və əhəmiyyəti barədə M.Ə.Rəsulzadənin görüşlərini müəyyənləşdirmiş; Azərbaycan qadınlarının təlim və tərbiyəyə cəlb edilməsi və bunun sosial-pedaqoji lüzumu haqqında müəllifin baxışlarını analizdən keçirmiş; onun yaşlıların təhsili ilə əlaqəli görüşlərinin əsas detal və təfərrüatını üzə çıxarmışdır.
Əsərdə yenə də tədqiqatçı alim M.Ə.Rəsulzadə yaradıcılığında təlimin ana dilində aparılması, məktəblərdə hökm sürən sxolastikanın aradan qaldırılması, təhsilin ümumi, məcburi və pulsuz olması, rəğbətləndirməyə üstünlük verilməsi, yeni milli məktəblərin yaradılması, ana dilində dərsliklərin hazırlanması, təhsilin məzmununun milliləşdirilməsi və zənginləşdirilməsi, yeni təlim üsullarının tətbiqi, təlimin çətinliyini uşaqların əqli və fiziki imkanları ilə uyğunlaşdırılması, əlifbanın dəyişdirilməsi, qadın təhsili, dünyəvi təhsilin genişləndirilməsi, tərbiyənin məqsəd və məzmununun müəyyənləşdirilməsi və s. kimi məsələləri həmin ideyaların fonunda problemə baxış kimi səciyyələndirmişdir.
Xatirə müəllim əsərdə təqdim etdiyi müddəaları aydın təfəkkür, məntiqi mühakimə, səlis elmi fikirlərlə ifadə etmiş, problemlə bağlı elmi-pedaqoji ədəbiyyatları təhlil edərək ümumiləşdirmişdir. Əsərdən alınan nəticələr on səkkiz (18) maddə, müəyyən tədbirlərin həyata keçirilməsi ilə bağlı isə beş (5) təklif irəli sürmüşdür.
Tədqiqatçı alimin qeyd etdiyi kimi, biz də arzu edirik ki:
- Ə.Rəsulzadənin elmi-pedaqoji irsinin müxtəlif istiqamətlərdə tədqiqi və təbliği işi bundan sonra da davam etdirilsin.
- Bunun üçün fərdiqaydada elmi-tədqiqat işi aparmaqla yanaşı elmi-praktiki konfranslar, elmi sessiyalar keçirilsin.
- Tələbələrə onun həyatına, fəaliyyətinə, pedaqoji irsinin və təlim-tərbiyə ilə bağlı fikirlərinin ayrı-ayrı problemlərinə aid buraxılış işləri, magistr dissertasiyası mövzuları, kurs işləri verilsin.
- Məhəmməd Əmin Rəsulzadənin adına tələbə təqaüdü tərtib edilsin.
- Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr edilmiş elmi-pedaqoji mühazirə və seminarlar keçirilsin.
Sonda Xatirə Qocayevanı “XX əsrin əvvəllərində Azərbaycanda təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin rolu” adlı əsərinə görə təbrik edir və bundan sonrakı yaradıcılığında ona uğurlar arzulayırıq.
Kamal Həsən oğlu Camalov
Pedaqogika elmlər doktoru,
Naxçıvan Müəllimlər İnstitutunun professoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi