Oktyabrın 17-də Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçirilir.
Mektebgushesi.az xəbər verir ki, ilk dəfə Azərbaycanda təşkil olunan forumda dünyanın 8 ölkəsindən aparıcı universitetlərin professorları iştirak edirlər.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycanda keçirilən bu forumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində inqilabi ideyalar müzakirə ediləcək. Tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov diqqətə çatdırıb ki, rəhbəri olduğu qurumun adı belə sənaye inqilabı ilə bağlıdır. “Beləliklə, hazırda müxtəlif ölkələr öz inkişafında sənaye inqilabının bir hissəsinə çevrilirlər. Bir mərkəz olaraq biz Dünya İqtisadi Forumu ilə çox sıx işləyirik. Hamı bunu Davos Forumu kimi tanıyır. Biz Davos Forumunun dünyada böyük bir ittifaq olan süni intellekt idarəetmə qrupuna öz töhfəmizi veririk. Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu əməkdaşlıq əlaqələrinin qurulması üçün əla fürsətdir və biz sizi azərbaycanlı mütəxəssislərin də öz töhfəsini verə biləcəyi qrupa apara bilərik. Dünya çox sürətlə dəyişir. Texnologiya sürücülərdən biridir. Dünya İqtisadi Forumunun hesabatına görə, əsas bacarıqların təxminən 40 faizdən çoxu yaxın bir neçə ildə avtomatlaşdırma və süni intellektə görə dəyişəcək. Bunu nəzərə alaraq keçən il biz aparıcı beynəlxalq onlayn təhsil platformalarından biri olan “Coursera” ilə əməkdaşlığa başladıq. Biz 10 min nəfər Azərbaycan vətəndaşına “Coursera” üzrə 800-dən çox müxtəlif kurslara pulsuz giriş imkanı yaratdıq” – deyə F.Cəfərzadə əlavə edib.
Tədbir təqdimatlarla davam edir.