Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş növbəti dərs baş tutub. Budəfəki tədbirdə Tarix və coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasının tələbələri iştirak ediblər.
Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, dərs Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi mövzusunda mühazirə ilə başlayıb. Mühazirədə Ulu Öndərin fenomenal şəxsiyyəti, xalqımızın çoxəsrlik dövlətçilik tarixindəki yeri, ölkəmizin inkişafındakı xidmətləri barədə danışılıb, onun respublikamıza rəhbərlik etdiyi 1969-2003-cü illər arasındakı zaman kəsiyinin Azərbaycanın tərəqqi və inkişaf dövrü olduğu vurğulanıb. Mühazirədən sonra dünya dövlətləri liderlərinin və tanınmış siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri fikirlərin, onun şəxsiyyətinə və fəaliyyətinə verdikləri yüksək qiymət əks olunduğu slayd nümayiş edilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayev tələbələrə mərkəzdə nümayiş olunan eksponatlar barədə məlumat verib. T.Ağayev qeyd edib ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 400-dən çox fotoşəkil, arxiv sənədinin surəti, kitab, jurnal və digər əşyaların saxlandığını bildirib.
Dərsin sonunda Ulu Öndər haqqında “Xəzər TV” tərəfindən çəkilmiş qısametrajlı sənədli film nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, növbəti həftədən başlayaraq “Heydər Əliyev dərsləri” müəyyən olunmuş qrafik əsasında universitetin digər fakültələrində də təşkil olunacaq.