Dərc olunub: 16.10.2024

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.

Hər iki ölkədən Rəhbər Komitə üzvlərinin qatıldığı iclasa İNHA Universitetinin nümayəndələri onlayn qoşulub.

İclasda çıxış edən BMU-nun rektoru Yaqub Piriyev İDP-nin 4 il ərzindəki uğurlu nəticələrindən danışıb. Bu il ilk dəfə 61 tələbənin proqramdan məzun olduğunu, 83 tələbənin hazırda Koreyada sonuncu kursda təhsilini davam etdirdiyini diqqətə çatdıran rektor iki ölkə arasında təhsil əməkdaşlığının faydalı cəhətlərinə toxunub. Yaqub Piriyev yüksəkixtisaslı  mütəxəssislərin yetişdirilməsinə xidmət edən bu proqramın davamlı olacağına, ölkəmizin kadr potensialının güclənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İNHA Universiteti ilə əməkdaşlığın konkret uğurlu nəticələrinin builki məzunlar olduğunu nümunə gətirərək bu faydalı əməkdaşlığın daha da genişlənəcəyinə inandığını söyləyib.

Dövlət Proqramı İdarəetmə Qrupu adından komitə üzvlərini salamlayan Qrupun rəhbəri Turan Topalova da BMU və İNHA arasında  kadr hazırlığı istiqamətində aparılan əməkdaşlığın önəmini dilə gətirib.

Sonra BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli gündəliyə daxil edilən məsələlər üzrə geniş təqdimatla çıxış edib.

İclasda ilk məzunların məlumat bazası, 2023/2024-cü tədris ili üzrə yaz semestrinin akademik nəticələri, 2024-cü ilin müvəffəqiyyət göstəriciləri,  2025-ci təqvim ilinin xərclər smetası,  İNHA-da 4-cü kursda tədris edilən fənlərdə dəyişiklik məsələləri, o cümlədən İNHA professorlarının İDP tələbələri barədə rəyləri müzakirə olunub. Müvafiq qərarların verildiyi iclasda İNHA tərəfindən Rəhbər Komitə üzvlərində dəyişiklik məsələsi də səsə qoyularaq qəbul edilib.

Komitənin yeni üzvü, eləcə də həmsədri İNHA Universitetinin tədqiqat və xarici işlər üzrə prorektoru Vong Hee Kim iki ali təhsil ocağı arasında əlaqələrdən məmnun olduğunu deyib, atılan hər yeni  addımın təhsil sahəsində əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb.

Komitənin digər yeni üzvləri-İNHA Universitetinin Planlaşdırma və büdcə şöbəsinin dekanı Ho Sang Jung, “Qlobal Təhsil Layihəsi” qrupunun dekanı Kyungjin Min, Tədris işləri üzrə dekan Dae Young Park çıxış edərək əməkdaşlığın faydalı olması üçün səylə çalışacaqlarını bildiriblər.

Gündəlikdəki məsələlərin  müzakirəsi ilə davam edən iclasda müxtəlif təkliflər səsləndirilib və bəzi məqamlara yenidən baxılması razılaşdırlıb.

İclasa yekun vuran rektor Yaqub Piriyev yeni üzvlərə komitədəki fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Rəhbər Komitənin iclasları payız və yaz sessiyası olmaqla ildə 2 dəfə keçirilir.

Bənzər yazılar