Dərc olunub: 16.10.2024

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Sarsen Amanjalov adına Şərqi Qazaxıstan Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan  bildirilib ki, memorandumda hər iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Eyni zamanda, elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Sarsen Amanjalov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Tologen Mukhtar imzalayıblar.

Qeyd edək ki, 1952-ci ildə əsası qoyulmuş Sarsen Amanjalov adına Şərqi Qazaxıstan Universiteti Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitet “QS Mərkəzi Asiya reytinqi”ndə 24-cü pillədə qərarlaşır.

 

Bənzər yazılar