Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi keçirilib.
Dərsdə iştirak edən Tarix və coğrafiya fakültəsinin I tədris ili tələbələri ilk olaraq mərkəzin müdiri Tahir Süleymanovun “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusundakı mühazirəsini dinləyib, görkəmli dövlət xadimlərinin Ulu Öndər haqqında söylədiyi fikirlərdən ibarət təqdimatı izləyiblər.
Mərkəzin mütəxəssisi Tərlan Ağayev dərs iştirakçılarını mərkəzin eksponatları ilə tanış edib. O, bildirib ki, mərkəzdə H.Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 181 adda kitab, 169 fotoşəkil, 13 arxiv sənədinin surəti, 12 suvenir və digər əşyalar saxlanılır.
Dərsin “film saatı” bölümündə gənclər Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmi izləyiblər.
Sonda Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, geniş müzakirə aparılıb.
Qeyd edək ki, Ulu Öndərin yüzillik yubileyi münasibətilə başlanan analoji fəaliyyət artıq üçüncü tədris ilidir ki, universitetin müxtəlif fakültələrində davam etdirilir. “Heydər Əliyev dərsləri”nin tədris ili ərzində digər fakültələrin tələbələri üçün də təşkil edilməsi nəzərdə tutulub.