Dərc olunub: 15.10.2024

 

Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbərliyi ilə Azərbaycanın 8 qabaqcıl ali təhsil müəssisəsi nüfuzlu beynəlxalq reytinq agentliyi Times Higher Education (THE) tərəfindən İngiltərənin Mançester Universitetində təşkil edilən Dünya Akademik Sammitində təmsil olunub.

Aparıcı alimləri, siyasətçiləri və sənaye nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirdə EATDA-nın direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Bakı Mühəndislik Universitetinin rektoru (BMU) Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov, o cümlədən digər ali təhsil ocaqlarının mümayəndələri iştirak ediblər.

Sammitdə ali təhsil müəssisələrinin qlobal çağırışlara necə cavab verə biləcəyi, innovasiyaları dəstəkləməsi və müsbət sosial şərait yaratmaq imkanları diqqət mərkəzində olub. 50-dən artıq ölkədən 500-dən çox iştirakçı ilə panellərdə və interaktiv seminarlarda universitetlərin sürətlə dəyişən rolu müzakirə edilib.

THE-nin data üzrə baş direktoru Dankn Rossun moderatorluğu ilə Azərbaycan elm və ali təhsilinə həsr olunmuş panel sessiyada EATDA-nın direktoru Ülkər Səttarova və BDU-nun rektoru Elçin Babayev spiker qismində çıxış ediblər. EATDA-nın  rəhbəri çıxışında Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsi məsələlərini vurğulayıb, müvafiq sahədə strateji hədəflər, elm və ali təhsilin inteqrasiyası, dövlət proqramlarının icrası, əcnəbi tələbələr üçün təqaüd imkanları barədə məlumat verib. Panel sessiyaya Kanada, Almaniya, Rumıniya, Slovakiya, Çin, Cənubi Afrika və digər ölkələrdən nümayəndələr qatılıb.

Sammit çərçivəsində “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri də açıqlanıb. İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (BDU və ADNSU) ilə sözügedən qlobal reytinqə daxil olub.

Bənzər yazılar