Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin tələbə poliklinikası (4 nömrəli Tələbə Poliklinikası) və 1 nömrəli Qadın Məsləhətxanasının birgə təşkilatçılığı ilə tələbələr üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılmasının tibbi-sosial-iqtisadi cəhətdən əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən ADPU-nun tələbə poliklinikasının baş həkimi Şəfəq Teymurova qeyd edib ki, gənclərin reproduktiv sağlamlıq və ailə planlanması mövzularında yetərli məlumata sahib olmaları olduqca əhəmiyyətlidir. Əhalinin sağlamlığının qorunması, xüsusilə reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələləri müvafiq Dövlət Proqramlarında öz əksini tapır və buna uyğun olaraq bütün ölkə ərazisində maarifləndirici tədbirlər təşkil olunur.
Daha sonra 1 nömrəli Qadın Məsləhətxansının ixtisaslı həkimləri tərəfindən tələbələrə ailə planlaşdırılmasının əhəmiyyəti və reproduktiv sağlamlıqla bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə universitetin 100-dək tələbəsi iştirak edib.