Gənclər və idman naziri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Fərid Qayıbov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.
Gənclər və idman naziri müsabiqənin qaliblərini yenilikçi ideyalarını reallaşdırmağa davam etməyə çağırıb.
Nazir bildirib ki, qaliblər müsabiqədə iştirak etməklə təkcə fərdi inkişaf üçün deyil, həm də ölkənin ümumi rifahının təmin edilməsi üçün yeni imkanlar əldə edirlər. Peşəkar kadrların cəmiyyətə töhfə verməsi, onların sosial məsuliyyət hissinin artırılması və müasir çağırışlara çevik cavab verə bilən rəhbər şəxslər kimi formalaşması müsabiqənin əsas prioritetlərindəndir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.