Azərbaycanın ən böyük hakaton tədbirlərindən biri olan “JunctionX Baku 2024” bu gün “Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusu ilə start götürüb.
Bu barədə Mektebgushesi.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnkişafı Fondunun dəstəklədiyi və “EESTEC Baku”nun təşkil etdiyi tədbir süni intellektdən istifadə edərək ekoloji problemlərin həllinə yönəlib.
Tədbirdə çıxış edən UFAZ-ın icraçı direktoru Lətifə Nəsibova universitetin bu kimi tədbirlərin təşkilinə marağını və texnoloji ekosistemlə bağlı layihələrə dəstəyini vurğulayıb.
Hakatonun beynəlxalq və lokal təmsilçiləri “Junction X”dən Qlobal əlaqələr şöbəsinin rəhbəri Daniil Frieden və “EESTEC Baku”nun rəhbəri Adil Qasımov bu tədbirin Azərbaycanda ilk dəfə keçirilməsi ilə bağlı hazırlıq prosesindən bəhs ediblər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov rəhbəri olduğu qurumun bu tipli layihələrə hər zaman dəstək göstərdiyini və beynəlxalq miqyaslı layihələrin Azərbaycanda keçirilməsinə daha çox imkan yaradılacağını bildirib.
Tədbirdə Elm və Təhsil Nazirliyindən şöbə müdiri Səbuhi Rzayev, 4SİM-dən şöbə rəhbəri Əzizə Vidadi, Gənclər Fondundan şöbə müdiri Orduxan Qəhrəmanzadə, “Code Academy”nin marketinq direktoru Goktug Sarı, “PwC Azərbaycan”dan texnoloji menecer Zaur Mustafayev, “United Payment”dən şöbə rəhbəri Rauf Həsənov və ATL Akademiyanın rəhbəri Aydan Həşimova çıxış ediblər.
Çıxışçılar təmsil etdikləri qurumun bu sahəyə dəstəyindən danışıblar.
Hakatonun əsas mövzuları COP29 istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş şəhər iqlim dözümlülüyü, emissiyaların azaldılması və dövri iqtisadiyyat texnologiyalarını əhatə edir. İştirakçılar növbəti 36 saat ərzində süni intellekt əsaslı həllər hazırlayacaqlar, bir qalib isə Helsinkidə (Finlandiya) keçiriləcək əsas “Junction” tədbirində Azərbaycanı təmsil edəcək.
Bakıda keçirilən bu tədbir Finlandiyadakı qlobal “Junction” hakaton hərəkatının bir hissəsidir və gənc texnologiya həvəskarları arasında innovasiyanı təşviq edir.
“JunctionX Baku 2024” Azərbaycanda real dünya problemlərinə texnologiya əsaslı həllər yaratmaq üçün tələbələri, yenilikçiləri bir araya gətirir.