Dərc olunub: 12.10.2024

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov rəsmi facebook səhifəsində “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq bəndində təsbit olunmuş ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planın ləğv edilməsini önə çəkərək, təkliflə çıxış edib.

“Ali Təhsil: Təklif

Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu dövlət sifarişi və ödənişli əsaslarla həyata keçirilir. Dövlət sifarişli təhsil üzrə qəbul planı dövlət sektorunun tələbləri nəzərə alınmaqla, dövlət tərəfindən müəyyən edilir və tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Son illər təhsilin əlçatanlığının artırılmasına yönəlmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasəti sayəsində dövlət sifarişli tələbələrin sayı əhəmiyyətli dərəcədə artmış və hazırda demək olar ki, 50% təşkil edir. Ödənişli əsaslarla tələbə qəbulu planı da bu günə qədər dövlət tərəfindən təsdiqlənir. Amma 2013-cü ilin oktyabrında qəbul edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası“nın 3.1.6.-cı bəndində göstərilir ki, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv edilməlidir. Başqa sözlə, ödənişli təhsil DİM tərəfindən təşkil ediən müsabiqə nəticələrinə əsasən tələbə ilə universitet arasında müqavilə əsasında həyata keçirilməlidir. Özəl sektorun nümayəndələrinin və fərdlərin ödənişli təhsili məhz onların sifarişi əsasında həyata keçirilməlidir. Onların hansı ixtisas üzrə təhsil almaq istəklərini onlar özləri hamıdan yaxşı bilir.

İnanmaq istəyirəm ki, növbəti ildən etibarən, müvafiq Strategiyada göstərildiyi kimi, ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Eləcə də, ümid edirəm ki, universitetlərin baxılmaq üçün aidiyyəti üzrə təqdim etdiyi qəbul planının layihəsinin hökumət tərəfindən təsdiq üçün təqdim edilməsindən əvvəl, yaxın keçmişdə mövcud olmuş universitetlərlə müzakirə ənənəsi də bərpa ediləcək.”

Bənzər yazılar