Dərc olunub: 11.10.2024

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edib.

Agentlikdən bildirilib ki, sərgidə Respublika Elmi-Texniki Kitabxanasının “Nadir fond”unda saxlanılan bir sıra kitablardan ibarət ekspozisiya yaradılıb. Ekspozisiyada üç əsrin kitabları xüsusi qorunma altında sərgilənib. Burada iştirakçılara “Heydər Əliyev 100”,“Memarlıq tarixi”, “Memarlıq sənəti” ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitab və jurnallar, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ekologiya və su” ilə bağlı ədəbiyyat təqdim olunub. Bu kitabların arasında italyan memarı Palladionun 1570-ci ildə Venesiyada işıq üzü görmüş kitabının 1937-ci ildə Moskvada faksimile nəşri də nümayiş etdirilib. Eyni zamanda, sərgidə Əqli Mülkiyyət Agentliyi tərəfindən hazırlanan və buraxılan bir sıra kitablar nümayiş olunub.

X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış günündə mədəniyyət naziri Adil Kərimli Respublika Elmi-Texniki Kitabxanasının stendinə baş çəkib və kitablar barəsində təəssüratlarını bölüşüb.

Sərginin tədbirləri sırasında Agentliyin eksperti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əqli mülkiyyət kafedrasının baş müəllimi Natiq İsayevin “Kitab və müəlliflik hüququ” mövzusunda mühazirə-prezentasiyası dinlənilib.

Bu sərgidə fəal iştirakına görə Respublika Elmi-Texniki Kitabxanasına X Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən sertifikat təqdim olunub.

Bənzər yazılar