Bakı Mühəndislik Universitetidə (BMU) Kibertəhlükəsizlik Platforması və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “InfoSEC- 2024” adlı tədbir keçirilib.
Universitetin informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunan tədbirdə çıxış edən İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekan əvəzi, professor Vaqif Qasımov maarifləndirmə və kadr hazırlığına dəstək məqsədi daşıyan belə tədbirlərin tələbələrin bilik və bacarıqlarının artmasında böyük rol oynadığını bildirib. Eyni zamanda tədbirdə müzakirə predmeti olacaq mövzularla bağlı fikirlərini diqqətə çatdırıb.
“InfoSEC-2024”ün 3-cü mərhələsinin BMU-da keçirilməsindən məmnun olduğunu deyən Kibertəhlükəsizlik Platformasının qurucusu Şahin Əliyev müasir dövrün ixtisaslarında oxuyan gənclərin gələcəkdə ölkənin milli təhlükəsizliyində rol alacaqlarını qeyd edib, bu baxımdan onların informasiya təhlükəsizliyini mükəmməl öyrənməli olduqlarını vurğulayıb.
Sonra AKTA-nın Tədqiqat və inkişaf şöbəsinin rəhbəri Təbriz Cəfərov assosiasiyanın məqsədinin gəncləri maarifləndirmək, onlara təcrübə qazandırmaq olduğunu bildirib, universitetlərdə yaradılan kiberklubların tələbələrin formalaşmasındakı mühüm roluna toxunub. O, kiberklublarda sərbəst inkişaf mühitinin müsbət təsirlərini sadalayıb və tələbələri təşəbbüskar olmağa çağırıb. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” sənədindən bəhs edən T.Cəfərov bu strategiya ilə vətəndaş təsisatlarının üzərinə qoyulan vəzifələri nəzərə çatdırıb, kibertəhlükəsizliklə bağlı bütün vətəndaşların maarifləndirilməsinin vacibliyini söyləyib.
Çıxışların ardınca kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislərin tələbələr üçün təlimi başlayıb. Təlimdə kibertəhlükəsizlik mövzusunun mühüm məqamları barədə geniş məlumat verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.