Dərc olunub: 11.10.2024

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti nömrəsi (Cild 16. № 3) çapdan çıxıb. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal müxtəlif aktual problemləri qabartmaqla elmi mühəndis düşüncəsinin mənbəyini göstərir.

Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsində oxucular “Aviasiya”, “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “İnformasiya texnologiyaları”, “Geologiya” və “Ekologiya” rubrikalarında müvafiq sahələrin aktual problemlərinə həsr edilmiş tədqiqatlarla tanış ola bilərlər.

Jurnalda dərc edilmiş “Qeyri-ənənəvi cərəyan vericilərinin işçi xüsusiyyətlərinin və uçuş aparatlarında tətbiqi imkanlarının tədqiqi”, “Metal-polimer” əyləclərin sürtünmə cütündə elektrotermik kontakt müqavimət effekti”, “Abşeron yarımadasının bəzi müəssisələrinin xam neft ötürmə FTİR spektrləri”, “Kiberfiziki sistemlərdə Big Data analizi”, “Faydalı qazıntıların müxtəlif geotexnoloji üsullarla çıxarılmasının tədqiqi”, “Kür çayı hövzəsi boyu Yevlax-Neftçala zonasında mümkün subasma hallarının yaranması səbəbləri və xüsusiyyətləri” və digər məqalələr müvafiq sahələrin mütəxəssisləri, eləcə də tədqiqatçıları üçün maraqlı olacaq.

Xatırladaq ki, 2009-cu ilin noyabr ayından nəşr edilən jurnalın dövriliyi ildə 4 nömrəni əhatə edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilib.

2021-ci ildə jurnal “International Scientific Indexing” (ISI) və “Scientific Journal Impact Factor” (SJIF) beynəlxalq elmi sitatlaşma məlumat bazalarına daxil edilib, sertifikatlar alınıb. Bundan əlavə, jurnal “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası ilə lisenziyalaşdırılıb.

Jurnal, həmçinin onun reytinqini müəyyən edən, internet şəbəkəsində inteqrasiya olunmuş elmi resurs – Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinin müəllif hüquqlarına malikdir. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib. Çap olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier – Obyektin Rəqəmsal İdentifiatoru) verilir.

Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə olunmasına, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edir.

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsilə yanaşı, eyni zamanda, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə kömək göstərməkdən ibarətdir.

Bənzər yazılar