Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru beynəlxalq forumda çıxış edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ölkəmizdə 8 oktyabr 2024-cü il tarixində Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) öz işinə başlayıb.
Aİİ rektoru, dosent Aqil Şirinov Forum çərçivəsində “Halal sənayesində davamlılıq: “yaşıl” yeni halaldırmı?” mövzusunda keçirilən paneldə məruzə ilə çıxış edib. Rektor “The Relationship between the Terms of Halal and Green” (“Halal” və “yaşıl” terminləri arasında əlaqə”) mövzusundakı məruzəsində təbiətin və ekosistemin qorunmasının dini baxımdan əhəmiyyətindən bəhs edib. O, “halal” məfhumunun yalnız yemək-içmək və geyinmək kimi gündəlik ehtiyaclarımızla bağlı olmadığını vurğulayaraq, İslam dinində halala təşviq edən digər vasitələr barədə danışıb. A.Şirinov bildirib ki, İslam dinində təbiəti, ekosistemi qorumaq Allahın bizə ərməğan etdiyi dəyərləri mühafizə etmək kimi dərk olunmalıdır. Rektor bu anlayışın Qurani-Kərimdə “əmanət” kəlməsi ilə ifadə edildiyini, mənasının isə məsuliyyət olduğunu nəzərə çatdırıb. Ali təhsil müəssisəsinin rəhbəri vurğulayıb ki, dünya Allahın insana bir əmanətidir və hər bir şəxs bu dəyəri qorumalıdır. Bu baxımdan, İslam ənənəsində təbiətin qorunması Allahın əmanətinin hifz edilməsi kimi qəbul olunub.
Rektor dinimizdə təbiətin və ekosistemin məhvinə aparacaq bütün vasitələrin qadağan olunduğunu, həmçinin təbiətin və ekosistemin qorunması istiqamətində lazımi tədbirlərin görülməsinin vacib olduğunu diqqətə çatdırıb. İslam Peyğəmbərinin hədislərində ağacların əkilməsinin təşviq edildiyini, suların çirkləndirilməsinin qadağan olunduğunu vurğulayıb.
Aİİ rektoru Qurani-Kərim və hədislərdə qeyd olunan məsələlərin öz əksini aydın şəkildə tapdığını vurğulayaraq, ekosistemin qorunmasının yalnız bəşəri deyil, həm də dini amil olduğunu nəzərə çatdırıb.
Məlumat üçün qeyd edək ki, Forumda dünyanın müxtəlif regionlarından 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər.
Qeyd edək ki, iki gün davam edəcək Forumda erməni işğalı zamanı Qarabağın maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərər haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Qarabağ Dirçəliş Fondunun “Qarabağda urbisid” fotosərgisi də nümayiş olunur.