Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda “Zəfərin İzi” adlı tələbələrin rəsm işlərindən ibarət müsabiqə-sərgisi açılıb.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə-sərgi 44 günlük Vətən müharibəsinə və şanlı Zəfər Gününə həsr olunub.
Müsabiqə-sərgidə igid Azərbaycan oğullarının müharibə dövründə göstərdiyi böyük qəhrəmanlıqlar təsvir olunub.
Açılış mərasimində sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev çıxış edərək, Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. Qələbənin qazanılmasında xalq birliyinin rolunu xüsusi vurğulayıb. Sərginin tarixi hadisələri dərk etmək və ölkəmizin əldə etdiyi nailiyyətləri sənət əsərlərinə çevirmək baxımından önəminə toxunub.
THİK sədri Şahmar Rəfili sərgiyə olan tələbə marağını yüksək qiymətləndirib. 30 illik həsrəti 44 günlük Zəfərlə bitirən Azərbaycan Ordusunun göstərdiyi şücaətləri xatırladıb.
Digər çıxış edənlər isə bildirib ki, tələbələrin yaratdığı əsərlər Azərbaycan xalqının qürurunu və torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanların xatirəsini yaşatmağa yönəlib.
Münsiflər heyəti tərəfindən müsabiqə-sərgiyə təqdim olunan işlərə baxış keçirilib, qaliblər seçilib. Ən yaxşı işlərin müəllifləri xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb, digər tələbələrə təşəkkürnamələr təqdim olunub.