İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə oktyabrın 6-da keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin nəzərinə!
İnzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 2024-cü il oktyabrın 6-da keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün oktyabrın 8-dən 21-dək bu linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda);
- Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299) təqdim etməlidir.