Rusiya Federasiyasının Kazan şəhərində BRICS+ ölkələrinin iştirakı ilə “BRICS Gələcək bacarıqlar və Texniki Çağırış 2024” adlı perspektivli texnologiyalar üzrə beynəlxalq müsabiqə keçirilib.
Azərbaycanın da təmsil olunduğu müsabiqədə Bakı Mühəndislik Universitetinin (BMU) “Ekologiya mühəndisliyi” ixtisasının tələbəsi Saleh Quluzadə böyük uğura imza atıb. O, müsabiqədə “İnsansız Hava Vasitələrinin İdarəolunması” nominasiyası üzrə III yerin qalibi olub.
Dünyanın 30-dan artıq ölkəsindən tələbə və şagirdlərin qatıldığı müsabiqə gənclərin texnoloji bilik və bacarıqlarının inkişafına dəstək və onları innovativ yeniliklərə təşviq etmək məqsədi daşıyıb.