Dərc olunub: 08.10.2024

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Şəki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova, filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, müəllim və tələbələr iştirak ediblər.

Filialın TGT-sinin ötən tədris ili ərzində fəaliyyəti haqqında təşkilatın sədr müavini, Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II tədris ili tələbəsi Elvin Xəlilov çıxış edib. Hesabatda ölkəmizdə gənclərin uğurlu inkişafı, onlara göstərilən dövlət qayğısından bəhs edən E.Xəlilov ötən müddət ərzində filialda təhsil alan gənclərin intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların cəmiyyətə faydalı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmaları istiqamətində təşkilat tərəfindən görülən işlər, həyata  keçirilən tədbirlər haqqında məlumat verərək bildirib ki, ölkə başçısının gənclərə olan inam və etimadını doğrultmaq üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlar.

Sonra hesabat ətrafında müzakirə aparılıb, çıxışlar dinlənilib. Çıxış edənlər – dos. Gülarə Abdullayeva, Xuraman Həmidova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri baş müəllim Günel Əliyeva ötən tədris ilində TGT-nin fəaliyyətini məqbul qiymətləndiriblər. Tarix və coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Nigar Məmmədli, Məktəbəqədər təhsil ixtisasının II tədris ili tələbəsi Nuranə Əlizadə və başqaları təhsil aldıqları illər ərzində TGT-nin onların həyatında oynadığı mühüm roldan söhbət açaraq, təşkilatın ötən bir il ərzində səmərəli fəaliyyət göstərməsindən, maraqlı və yaddaqalan tədbirlərin, yarışların, gəzintilərin təşkilində rolundan söhbət açıblar.

Yığıncaqda TGT-nin illik fəaliyyəti məqbul qiymətləndirilib.

Sonra açıq səsvermə yolu ilə TGT-nin İdarə Heyətinin yeni tərkibi seçilib.

Şəki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova çıxış edərək, filialın bütün ixtisaslarının tələbələrinin təmsil olunduğu 25 nəfərdən ibarət yeni tərkibi təbrik edib və onlara işlərində uğurlar arzulayıb. Cəmiyyətin və dövlətimizin gələcək inkişafında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan S.Bağırova yeni tərkibin də səmərəli fəaliyyət göstərəcəyinə böyük ümid bəslədiyini bildirib.

Yığıncaq başa çatdıqdan sonra yeni seçilmiş İdarə Heyətinin iclası keçirilib. İclasda TGT-nin sədrinin seçilməsi məsələsinə baxılıb. Sədrlik üçün Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Xədicə Abdurahmanlının namizədliyi irəli sürülüb və açıq səsvermədə böyük səs çoxluğu ilə qəbul olunub.

Bənzər yazılar