Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Memarlıq fakültəsinin iştirakı ilə “Şəhər analizi təsviri” mövzusuna həsr olunan onlayn vörkşop yekunlaşıb. Memarlıq fakültəsi ilə Yuta Dövlət Universitetinin Landşaft Memarlığı və İqtisadi Planlaşdırma Departamenti arasında uğurla həyata keçirilən vörkşopun bir mövzusu Bakı şəhərinin urbanistik dizaynının araşdırılmasına həsr olunub. Bu mərhələdə Yuta Dövlət Universitetinin nümayəndələri AzMİU-nun gənc memarları ilə birgə tədqiqatlara qoşulub.
Hər iki universitetin tələbələri onlara verilən vaxt müddətində Bakı şəhərinin inkişafı ilə bağlı aktual problemləri anlamaq və bu problemlərin həll yollarını axtarmağa nail olub.
Tərəflər Bakı şəhərinin tarixi, mədəniyyəti, ekoloji sistemləri, nəqliyyat və infrastruktur analizi, açıq məkanların öyrənilməsi və tarixi bölgələrin tədqiqatları üzrə komanda işinə əsaslanan yanaşmalar tətbiq ediblər. Beş nəfərlik komandalar, əvvəlcədən müəyyən edilmiş mövzulara dərindən yanaşaraq, şəhərin güclü və zəif cəhətləri, imkanları və potensial təhdidlərini müəyyənləşdirməyə çalışıblar.
Vörkşopun sonuncu günündə, iştirakçılar öz tədqiqatlarının nəticələrini təqdim edərək innovativ urbanistik dizayn həlləri ortaya qoyublar. Onlar gəlinən nəticələr üzərində müzakirələr aparıblar.
Bildirək ki, bu cür əməkdaşlıqlar, tələbələrimizə beynəlxalq təcrübəni tətbiq etmək, real dünya problemləri ilə tanış olmaq və memarlıq sahəsində praktik biliklər əldə etmək baxımından önəmlidir.