Dərc olunub: 07.10.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvləri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri ilə birlikdə Naftalan şəhəri İ.Nəsimi adına 1 nömrəli orta məktəbin şagirdləri ilə görüşüblər.

İnstitutdan bildirilib ki, COP29-a həsr edilmiş tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Coğrafiya Cəmiyyətinin “Qarabağın ekoloji vəziyyəti” adlı layihəsi çərçivəsində həyata keçirilib.

Layihə rəhbəri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov iqlim dəyişmələrinin yaratdığı problemləri geniş şərh edib, COP29-un əhəmiyyəti və Qarabağın ekoloji problemləri haqqında danışıb.

Coğrafiya üzrə fəlsəfə doktoru Gülnar Hacıyeva Qarabağın ekoloji vəziyyəti, işğal dövründə ermənilərin bu ərazidə törətmiş olduqları ekosid haqqında məlumat verib.

Görüşdə, həmçinin coğrafiya üzrə fəlsəfə doktorları Emil Cəbrayılov və Səidə Zeynalova iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi üçün həyata keçirilən tədbirlər barədə danışıblar.

Tədbirdə çoxsaylı suallar cavablandırılıb.

Bənzər yazılar