Dərc olunub: 07.10.2024
Kitab sərgi-yarmarkaları mütaliəyə marağı artırmaq, kitaba diqqət və qayğıyla yanaşmaq baxımından ən vacib üsul və ən uğurlu addımdır. Bu mənada Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi öz əhəmiyyətliliyi ilə seçilir. Təsadüfi deyil ki, yubiley sərgisi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib. Bu məqamda tarixi xronometrajı 30 il geriyə çəkək — müstəqilliyimizin ilk illərinə. Və əbədiyaşar Heydər Əliyevin bu gün öz təsdiqini tapan, böyük uzaqgörənliklə söylədiyi nitqində deyilir: “Məhəmməd Füzuli-500″ tədbirləri xalqımızın mənəvi həyatını daha da zənginləşdirir, adamlarımızı ruhlandırır, onları Vətənə, torpağa sədaqət ruhunda tərbiyələndirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək üçün hamımızı səfərbər edir. Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə M.Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq” (Bax: Ə.İsmayılov, Ədəbi prosesdən əbədi zəfərə, “Bütöv.az” 14 may, 2024). Göründüyü kimi, Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə də, habelə yeni üfüqlər açdığı, zəfərlər qazandığı yeni epoxada da soykükünə, milli kimliyinə, mənəvi dəyərlər sisteminə sadiq qalır. Bu sadiqlikdən yola çıxan araşdırmaçı alim, Əməkdar jurnalist Qərənfil Dünyaminqızının “Füyuzatçılar” kitabı sərginin milli ruhu, böyük mütəfəkkir M.Füzulinin söz ucalığı fonunda al-qırmızı rəngilə böyük Türk dünyasını salamlayır, Azərbaycanı müstəqil görmək istəyən klassik füyuzatçıların böyük ruhlarını, sanki öz içimizdə, elə bizimlə birlikdə hiss etdirirdi. Bu mənada ömürlərini xalqın milli-mənəvi inkişafına, elmi tərəqqisinə sözün gerçək mənasında fəda edən ziyalılarımız xoşbəxt görünürdülər…
Mimta Yayımları tərəfindən nəşr edilən, “Füyuzat” redaksiyası tərəfindən işlənib hazırlanan kitabın təqdimatında sözün əsl mənasında insan seli yaşanırdı (axı həm də “Füyuzat” sözündəki “füyuz” bolluq mənasındadır). Bu selin üzərində füyuzatçılar böyük və qırmızı yelkənini geniş açmışdılar. Kitabı yerindəcə oxuyanların fikirləri tufanlı dənizlər keçir, dumanlı cəzirələrə gedib çıxır, sonunda xoşbəxtlik adasına lövbər salırdı.
Gördüklərimi iliyimə qədər hiss edirdim. Bu məqamı yüksək qiymətləndirən və təqdimatın ali qonaqları arasında yer alan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, prof. Allahverdi Məmmədli, prof. Sabir Məmmədli “Füyuzatçılar” kitabını elə o izdiham içində vərəqləyir, oxuyaraq zövq alırdılar. Professor Cahangir Məmmədli “Füyuzat Tv”yə müsahibəsində qeyd edir ki, “Qərənfil Dünyaminqızının “Füyuzatçılar” kitabı milli irsimizin təbliğinə bağlıdır. “Füyuzat” bütöv bir ədəbi məktəbdir. Bu məktəbi yaradanların oçerklərini, portretlərini də Qərənfil xanım yaratmışdır”. Professor Allahverdi Məmmədli də fikirlərini bölüşür, qeyd edir ki, “Füyuzatçılar romantizm ədəbi cərəyanını inkişaf etdiriblər. Burada Vətən sevgisi, millət, din, dil, əxlaq, tarix məsələsi vardır”. Demək ki, müəllifin “Füyuzatçılar” kitabının təqdimatı həm də milli və mənəvi, habelə ədəbiyyat və jurnalistika vəhdətində ədəbi, mədəni və tarixi hadisə idi.
Qərənfil Dünyaminqızı publisistikası, araşdırma metodikası məktəbdir. Alim həm də gördüyü işin kamil bilicisidir. Ötən yazıda da qeyd etdiyim kimi: “…Qərənfil Dünyaminqızı füyuzatçıların timsalında intəhasız kürreyi-ərzi kiçik auditoriyaya sığdırırdı. Fəqət özü dərs otağına sığmırdı. Tez-tez mühazirə söylərkən kövrəlir, seminarlarda tələbələrin milli ruha, klassik mətbuatın təməl isimlərinə olan doğma münasibətinə qəlbən sevinərdi. O qəlb füyuzatçıları öz dili ilə yaşatmaqla, ruhlarını auditoriyada əziz tutub müəllimlik etməklə soyumurdu (Bax: Milli ruhda: dərc və dərk olunmaq, “Füyuzat.az” 19 sentyabr 2024). Bu səbəbdən də Jurnalistika fakültəsi ilə yanaşı, digər fakültələrdən də soraq tutan hər kəs təqdimata gəlmişdilər.
Müəllifin qələmi “Füyuzatçılar” kitabında sirlərlə dolu, ştrixlərlə zəngin olan klassiklərin yazılarındakı milli kodları oxucu və geniş mənada cəmiyyət üçün bir-bir açır, təqdim edir. Bu mənada müəllifə qələmi və qəlbi ilə yaxın olan ziyalı alim Sevil Həsənova ilə Qərənfil Dünyaminqızı birlikdə görünür. Bu birliyi yaradan təbii bir qüvvə də vardır: Sevil Həsənova cavidşünas alim kimi, Qərənfil Dünyaminqızı füyuzatçıları sidq ürəklə yaşadan cəfakeş ziyalı kimi çiyinlərinə götürdükləri mənəvi missiyanı ləyaqətlə davam etdirir, yaşadırlar. Mübaliğəsiz deyə bilərəm ki, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 160 illinin içindəki 60 Qərənfil Dünyaminqızının özüdür, ömrüdür.
Müəllif oxucusuna, millətinə, Vətəninə öz sevgisini elə kitabın ilk səhifəsindəcə vaxtilə klassik “Füyuzat” jurnalında yer alan və bugünkü günə qədər çəkisini günbəgün sanballaşdıran, dəyərini saflaşdıran ibarəni təqdim etməklə çatdırır: “Oxu!.. Ancaq oxuduğun ayağını yerə, başını yüksəkliyə, qəlbini ülviyyətə bağlasın. Oxu!.. Oxuduqların sənin olsun, səndə olsun. Oxuma — düzü əyri göstərəni, öyrədəni. Oxuma — səndə səni yox edəni”. Qiymətli misraların işığında və “Mimta yayımları”nın milli pavilyonunda baş məsləhətçisi rəhmətlik Xalq yazıçısı Qılman İlkin olan “Bakılı belə danışır — Bakı ləhcəsi” kitabının müəllifi, “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə görünür. Milli-mənəvi dəyərlərimizi qoruyan Səyavuşla, milli klassiklərimizi yaşadan, onları ictimaiyyətə tanıdan araşdırmaçı alim Qərənfil Dünyaminqızının görüşü tədbir iştirakçılarında xoş ovqat yaradır.
Türk xalqlarının mənəvi, iqtisadi-sosial, siyasi birliyinin gücləndiyi dövrdə, Ortaq Türk Əlifbasının həyata vəsiqə aldığı və bəşər əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyimiz zamanda, həmçinin bütöv Azərbaycanın qurulduğu tarixi bir şəraitdə oxuduqlarımız gərək ayağımızı yerə basmağımızda, başımızı uca tutmağımızda köməyimiz olsun.

Əsgər İsmayılov

Bənzər yazılar