Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Dokuz Eylül Universiteti (DEU) arasında təşkil olunan “Şəhərin şifrəsini açmaq – şəhər kimliyini yenidən düşünmək: Bakı-İzmir” adlı layihənin ikinci mərhələsi başa çatıb.
Bu mərhələdə AzMİU-nun Dizayn fakültəsinin nəzdində Mühit dizaynı kafedrasının müəllim-tələbə heyəti türkiyəli həmkarları ilə birgə elmi-tədqiqat aparıblar. Bu məqsədlə DEU-nun Memarlıq fakültəsinin müəllim və tələbələri Azərbaycana səfər ediblər. Səfər çərçivəsində onlar Azərbaycanlı həmkarları ilə bərabər Bakı şəhərinin sahilyanı ərazilərini gəzib, tədqiqata cəlb ediləcək əraziləri seçiblər. Gəzinti zamanı şəhərin dizayn tərtibatını, tarixi mənzərələrini və müasir infrastrukturunu diqqətlə izləyiblər. Şəhərin dizayn həllində edilməli olan dəyişiklikləri paylaşmaq məqsədilə türk və azərbaycanlı tələbələrdən təşkil olunan qarışıq qruplara bölünüblər. Bu qruplar, tədqiqat apardıqları ərazilərdəki tarixi fakturaları, memarlıq üslublarını və ictimai açıq məkanların istifadəsini analiz edib, şəhərinin dizayn tərtibatını əks etdirən mühüm aspektləri nəzərdən keçirərək yaşıl sahələri, ətraf mühitin və urbanizasiya dinamikasının necə harmoniya yaradacağını müzakirə ediblər.
Sonuncu gün qrupların hazırladığı layihə təkliflərinin təqdimat mərasimi baş tutub. Tələbələr hər iki universitetdən formalaşmış münsiflər heyəti qarşısında çıxış edərək, öz tədqiqatları, icra etdikləri dizayn konsepsiyaları və əldə etdikləri nəticələr barədə geniş məlumat veriblər. Təqdimatlar interaktiv şəkildə aparılıb, daha geniş müzakirələrə səbəb olub, kreativ fikirlər və təkliflər maraqla qarşılanıb.
Bildirək ki, bu mərhələ, hər iki universitetin simasında Bakı və İzmir şəhərləri arasında mədəni mübadilənin və şəhərlərarası dizayn fikirlərinin alış-verişi baxımından son dərəcə əhəmiyyətli olub. Tələbələr arasında yaradılan dostluq əlaqələri və akademik əməkdaşlıq ruhu, layihənin uğurlu inkişafına xidmət edib.
Qeyd edək ki, layihənin üçüncü yəni sonuncu mərhələsində isə AzMiU-nun müəllim və tələbələrindən ibarət qrup İzmirə gedəcək, şəhər kimliyini açmağın yeni perspektivləri üzərində işləyəcəklər.