Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Türkiyənin Adana şəhərində keçirilən hakatonda birinci yerə layiq görülüblər.
ADNSU-dan bildirilib ki, 100 fərqli ölkədən 774 min 296 komandanın və 1 milyon 569 min 994 şəxsin müraciət etdiyi hakatonda 1270 komanda finala çıxıb. Komandalar ümumilikdə 6514 nəfəri əhatə edib.
“TECHNOFEST 2024” yarışında T3 AI “Hakaton” kateqoriyası üzrə 48 saatlıq mübarizənin qalibi ADNSU-nun “SABAH” qruplarından Əli Həsənli, İsa Quliyev, Zaman Kazımov və 682.21E qrup tələbəsi Arzuman Abbasovdan ibarət “Spark” komandası olub. Komanda “Əngəlsiz yaşam” kateqoriyası üzrə diqqət pozuntusu, disleksiya və rəng korluğundan əziyyət çəkən şəxslər üçün problemin süni intellekt əsasında həllini təqdim edib.