Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibəti ilə görüş keçirilib.
Görüşdə Pedaqoji Universitetin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsin müdiri Səbuhi Rzayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, universitetin professor-müəllim heyəti, qəzetin əməkdaşları və tələbələr iştirak ediblər.
Görüşdən əvvəl qonaqlar Pedaqoji Universitetdə tələbələr üçün yaradılan şəraitlə tanış olub, dərs prosesinin gedişini izləyiblər.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, elmi-pedaqoji ictimaiyyət arasında böyük nüfuza malik, öz dəst-xəti ilə seçilən “Azərbaycan müəllimi” qəzeti artıq 90 ildir ki, Azərbaycan təhsilini, müəllimini və məktəbini tərənnüm edir, pedaqoji sahədə yeni yanaşmaları, innovativ çağırışları təbliğ edir. Rektor diqqətə çatdırıb ki, qəzet daim universitet əməkdaşlarının elmi-pedaqoji fikirlərini, Pedaqoji Universitetin uğurlarını geniş ictimaiyyətə çatdıran tribuna kimi mühüm rol oynayıb, universitetlə qəzet arasında bu gün də davam edən sıx əməkdaşlıq əlaqələri qurulub.
Prof. C.Cəfərov “Azərbaycan müəllimi” qəzetini yubiley münasibəti ilə təbrik edib, ADPU ilə qəzet arasında sıx əməkdaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdiriləcəyinə ümid etdiyini qeyd edib. Rektor, həmçinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün müəllimlərə və təhsil ictimaiyyətinə təbriklərini çatdırıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Pedaqoji Universitetin qəzetin yubileyi ilə bağlı təşəbbüsünü və görüşün əhəmiyyətini yüksək qiymətləndirərək “Azərbaycan müəllimi” qəzetinin Azərbaycanın təhsil həyatında önəmli yer tutduğunu qeyd edib. Vurğulanıb ki, ölkəmizin təhsil sahəsində yeganə ümumrespublika mətbu orqanı olan “Azərbaycan müəllimi” bundan sonra fəaliyyətini yenilənmiş üslubda daha da innovativ formada davam etdirəcək.
Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova bildirib ki, “Azərbaycan müəllimi” ölkə təhsil sisteminin flaqman mətbu orqanı olmaqla yanaşı, həm də fəaliyyətinin bütün dövrlərində ziyalıların, elm və mədəniyyət xadimlərinin, bütövlükdə təhsil ictimaiyyətinin etibarlı tribunası olub. M.Hüseynova qeyd edib ki, qəzet Azərbaycanın pedaqoji fikir tarixinin zəngin xəzinəsi, maarifçilik ənənə və ideyalarının əsas daşıyıcısıdır.
ADPU-nun İbtidai təhsilin pedaqojikası kafedrasının müdiri professor Fərrux Rüstəmov “Azərbaycan müəllimi və Pedaqoji Universitet” mövzusunda məruzə ilə çıxış edib. Prof. F.Rüstəmov məruzəsində qəzetin tarixi, ölkəmizdəki maarifçilik hərəkatında “Azərbaycan müəllimi”nin rolu, Pedaqoji Universitet və qəzetin üzvi bağlarından söz açıb.
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov qəzetə göstərilən diqqət və təşkil edilən görüş üçün ADPU rəhbərliyinə təşəkkürlərini bildirib, bu cür tədbirlərin təşkilinin təhsil mediasının inkişafında əhəmiyyətli olduğunu vurğulayıb. S.İbrahimov universitet və qəzet arasında uzun illərdir davam edən qarşılıqlı işgüzar əlaqələrin davamlı olacağına şübhə etmədiklərini bildirib.
Sonda qonaqlara universitetin xatirə hədiyyələri təqdim edilib, xatirə şəkli çəkilib.