Dərc olunub: 06.10.2024
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təntənəli ədəbi-bədii proqram təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Heydər Əliyev irsində müəllim nüfuzu” mövzusunda məruzədən sonra filialın doktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev əziz bayram münasibətilə əməkdaşları təbrik edərək vurğulayıb ki, bir müəllimin ölkəyə və xalqa müəllim yetişdirməsi xoşbəxtlik və bəxtəvərlikdir.
Dos. Y.Alıyev yaxın gələcəkdə ADPU-nun Quba filialının yetirmələrinin sədalarının daha uca zirvələrdən gələcəyinə əminliyini ifadə edib.
Quba filialının strateji hədəflərindən bəhs edən direktor qeyd edib ki, magistr təhsili alan məzunların sorağının nüfuzlu alim məktəblərdən, eləcə də xarici ölkələrdən eşidilməsi kollektiv əməyin nəticəsidir və hər bir əməkdaşın bundan qürurlanmağa mənəvi haqqı var. Qazanılan uğurları davamlı etmək üçün bundam sonra da səylə çalışmaq gərəkdir.
Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, p.ü.f.d. Aysel Şeydayevanın moderatorluğu ilə davam edən tədbirdə müəllim əməyinin ümummilli sərvət olduğunu tərənnüm edən bədii proqram nümayiş olunub. Filialın professor-müəllim və tələbə heyətindən ibarət truppanın nümayiş etdirdiyi səhnəcik hərarətli alqışlarla qarşılanıb. Müəllimlırdən Xudyar Daşdəmirov, Mələk Bağırova, Samirə Hacıyeva, Nəhayət Şirinova, Nübar Bayramova, Günel Məlikova, Eyvaz Şeydayev, Amaliya Dadaşova, Aytən Seyidova və tələbələrdən Şahanə Hüseynova və Günəş İskəndərov səhnəcikdə rola alıblar.
Sonda filialın bir qrup əməkdaşına gənclərin təlim-tərbiyə işlərindəki səmərəli fəaliyyətlərinə, o cümlədən elmi-pedaqoji sahədə nailiyyətlərə görə, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri diplom təqdim olunub.

Bənzər yazılar