Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “BilBacar” müsabiqəsinə başlanılır.
Nazirlikdən bildirilib ki, müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması nəzərdə tutulur.
Müsabiqənin ilk mərhələsi virtual platforma üzərindən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək keçiriləcək. Bu mərhələdə şagirdlər təşkilati komanda tərəfindən hər ay əvvəlcədən elan olunan günlər ərzində məktəb binasında koordinatorun müşayiətilə “Yarış” bölməsindəki sualları cavablandıracaqlar. İkinci mərhələnin isə 2025-ci ilin iyun ayında əyani formada keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, platformada ay ərzində aktiv olan “Hazırlıq” bölməsi şagirdlərin suallarla məşq edərək “Yarış”a hazırlığını təmin edəcək. Qeyd edək ki, bu bölməyə şagirdlər istənilən məkanda və müxtəlif zamanlarda kompüter, planşet və ya telefon vasitəsilə daxil ola biləcəklər.
Hər iki bölmə üzrə (“Hazırlıq” və “Yarış”) ayrı-ayrılıqda şagirdlərə 60 sual (riyaziyyat – 20 sual, oxu – 20 sual, təbiət elmləri – 20 sual) təqdim ediləcək. Onlayn mərhələ üzrə şagirdlərə təqdim ediləcək suallar hər ay yenilənəcək.
“BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə yönəltməkdir.