Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) ilə birgə “Məktəbəqədər təhsildə liderlik” proqramına sənəd qəbulu elan edir.
Proqram müasir çağırışlara cavab verən məktəbəqədər təhsil müəssisələri (MTM) idarəçilərinin və liderlərinin hazırlanmasını hədəfləyir. Proqramda iştirak ödənişsizdir.
Proqramda iştirak üçün tələblər:
- Pedaqoji sahədə ali təhsil;
- Dövlət və ya özəl məktəbəqədər təhsil müəssisəsində ən azı 3 il iş təcrübəsi;
İştirakçıların seçimi 3 mərhələdə (elektron sənəd qəbulu, test və müsahibə) həyata keçiriləcək.
1 ay (60 saat) davam edəcək proqram ərzində MTM heyətinin idarə edilməsi, təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsi, MTM-də daxili keyfiyyət sisteminin qurulması, sənədlərlə iş, MTM-in idarə olunması və liderlik, sağlamlıq, təhlükəsizlik və rifah mövzularında həftəiçi beş gün olmaqla təlimlər keçiriləcək.
Proqram üzrə dərslərin Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundan olan iştirakçılar üçün əyani, digər şəhər və rayondan olan iştirakçılar üçün isə əsasən onlayn olmaqla hibrid formada təşkil olunması planlaşdırılır.
Proqramda iştirak etmək istəyən şəxslər 10 oktyabr 2024-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat linki: https://forms.office.com/r/6X307PQaKi
Əlavə məlumat üçün mtm.idarecileri@adpu.edu.az elektron poçt ünvanına yaza bilərsiniz.