Dərc olunub: 04.10.2024

Bakı Mühəndislik Universitetində (BMU) ölkədə informasiya texnologiyaları sektorunun inkişafına dəstək verilməsi, bu istiqamət üzrə təhsil alan gənclərin, eləcə də fəaliyyət göstərən kadrların potensialının üzə çıxarılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunan “PAŞA Bank Kuboku VI” (“PASHA Bank Cup VI”) proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib.

“PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən gerçəkləşdirilən müsabiqəyə müxtəlif yaş qruplarına aid iştirakçılar, o cümlədən məktəblilər, tələbələr və peşəkar proqramçılar qoşularaq, proqramlaşdırma və alqoritmik biliklərini sınayıblar.

Üç mərhələdən ibarət olan müsabiqənin ilk iki mərhələsi (verilənlərin strukturları, axtarış və çeşidləmə alqorimtləri; dinamik proqramlaşdırma, qraflar nəzəriyyəsi mövzularında) onlayn keçirilib.

Bu  mərhələlərdə yüksək nəticə göstərmiş 68 iştirakçı finala vəsiqə qazanıb. Final turunda iştirakçılara 4 saat ərzində 6 alqoritmik məsələnin proqramını tərtib etmək və “HackerRank” platformasında sınaqdan keçirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə görə 4 kateqoriya (şagird, tələbə, peşəkar, PAŞA Bank mühəndisləri) üzrə qaliblər müəyyənləşdirilib.

Hər kateqoriya üzrə ilk üç yerin qalibləri  “PAŞA Bank” tərəfindən qiymətli hədiyyələrlə (I yer “MacBook Pro M3”, II yer “iPad Pro 11 M4”, III yer “Apple watch”) mükafatlandırılıb.

BMU-nun “İdarəetmədə informasiya sistemləri” ixtisasının magistrantı Rəşad Məmmədov “Peşəkarlar” kateqoriyası üzrə II yerə, “Kompüter mühəndisliyi” ixtisasının 2021-ci il məzunu Ülvi Aslanlı “PAŞA bank mühəndisləri” kateqoriyası üzrə II yerə layiq görülüblər.

Bənzər yazılar