Dərc olunub: 04.10.2024

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə “Avropa gənc alimləri arasında Azərbaycan ekologiyası ilə bağlı təbliğat işinin qurulması” layihəsi çərçivəsində Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində seminar təşkil edib.

Bu barədə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov məlumat verib. O bildirib ki, iştirakçılara dövlətimizin ekoloji siyasəti barədə ətraflı məlumat verilib, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində həyata keçirilən tədbirlər Avropa elmi ictimaiyyəti arasında təbliğ edilib. Gənc alim və tədqiqatçılar arasında Azərbaycanda reallaşdırılan genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində reallaşdırılan tədbirlər, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, yaşıl enerjiyə keçiddə əldə edilən bir sıra nailiyyətlər və Azərbaycanla Avropa İttifaqı arasında alternativ enerji ehtiyatlarının inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin qurulması məsələləri barədə geniş maarifləndirmə işi qurulub.

İlqar Orucov qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, meşə ehtiyatlarının qorunması, atmosferin çirklənməsinə, münbit torpaqların deqradasiyaya uğramasına qarşı mübarizə, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunması ilə bağlı dövlətin apardığı tədbirlər, plastik tullantıların səmərəli idarə olunması istiqamətində görülən işlər barədə maarifləndirmə fəaliyyəti həyata keçirilib.

Təqdimatlarda Ermənistanın 30 ilə yaxın müddətdə 20 faiz torpaqlarımızı işğal altında saxladığı dövrdə bölgədə mina terroru, meşə və yaşıllıq zonalarının tamamilə dağıdılması, təbii ehtiyatların qanunsuz istismarı barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. İşğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji terror, Oxçuçayın yüksək kimyəvi tərkibli istehsalat suları ilə çirkləndirilməsi nəticəsində onun Azərbaycandan keçdiyi ərazilərdə ekoloji sistemin bərpaolunmaz deqradasiyaya məruz qoyulmasında alman şirkəti “Cronimet”in bu ekoloji cinayətdə Ermənistanla birgə iştirakı barədə məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin təmizlənməsi və əvvəlki vəziyyətə gətirilməsi üçün böyük maliyyə vəsaiti ilə yanaşı, on illərlə vaxt tələb olunur.

Layihə çərçivəsində, eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il Azərbaycanda keçirilməsinin ölkədə ekologiyanın və ətraf mühitin qorunmasına töhfə olaraq qiymətləndirilməsi qeyd edilib.

Bənzər yazılar