Dərc olunub: 03.10.2024

Rusiya və digər xarici ölkələrdə tibb təhsili alan bir qrup vətəndaş Azərbaycanda işləmək üçün şərait yaradılmamasından narazıdır.

Modern.az-a müraciət edən vətəndaşlar xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə keçirilən imtahanın keçirilmədiyini, buna görə də tibb fəaliyyəti ilə məşğul ola bilmədiklərini qeyd edirlər.

Vətəndaşlar bildiriblər ki, sözügedən imtahan 2023-cü ildə keçirilib və həmin imtahanda iştirak edən həkimlər müvafiq sahədə fəaliyyət göstərirlər. Amma imtahanda iştirak etməyənlər üçün yenidən imtahan təşkil olunmayıb.

Şikayətlə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinə buraxılmaq üçün müraciət edən şəxslər 2011-ci ildən sonra xarici ölkələrdə aldığı ali ixtisas tibb təhsili (diplomdansonrakı ixtisaslaşma hazırlığı) ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsili müddəti və proqramları arasında uyğunsuzluq olduğu halda həmin şəxslər rezidenturaya qəbul olunmalıdırlar:

“Səhiyyə Nazirliyinin 29 aprel 2022-ci il tarixli əmrinə əsasən, 2011-ci ildən etibarən rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə Klinik ordinatura təhsili almış şəxslərin ixtisasları üzrə Səhiyyə Nazirliyi tərəfindən müvəqqəti tənzimləmə tədbirlərinin görülməsi məqsədilə imtahan keçirilib. Təkrar imtahanın keçirilməsi nəzərdə tutulmayıb.

Xarici ölkələrdə tibb təhsili almış vətəndaşlar e-sehiyye.gov.az səhifəsində kabinet yaradaraq sənədlərini yükləyə bilər. Müraciətlərə komissiya tərəfindən baxıldıqdan sonra rəy veriləcək”.

Bənzər yazılar