Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Narkomaniyaya qarşı mübarizədə dini-mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib.
Tədbir Aİİ tələbələrinin iştirakı ilə baş tutub. İlahiyyat fakültəsinin dekanı, seminarın moderatoru dosent Elnurə Əzizova çıxışında sözügedən mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Dekan sağlam cəmiyyətin formalaşması baxımından narkomaniya ilə mübarizənin cəmiyyətin qorunması üçün zəruri olduğunu vurğulayıb, həmçinin bu səpkili seminar və təlimlərə tələbələrin fəal surətdə qatılmasını tövsiyə edib.
Aİİ Dillər və ictimai fənlər kafedrasının dosenti Elvüsal Məmmədov “Narkomaniyaya qarşı mübarizədə dini-mənəvi dəyərlərin rolu” mövzusunda çıxış edib. Məruzəçi zərərli vərdişlərin getdikcə artan təhlükəsinə toxunub, milli-mənəvi dəyərlərin bu problemin həllində təqdim etdiyi çıxış yollarından söhbət açıb.
E.Məmmədov dini-mənəvi dəyərlərin insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, dini-mənəvi dəyərlərimizdə ehtiva olunan və insana əzmkarlıq, iradə, məqsədyönlülük aşılayan motivlər imkan verir ki, fərddə hələ uşaq yaşlarından sağlam mənəvi immunitet formalaşsın və bu dəyər zərərli vərdişlərdən qorusun. Məruzəçi daha sonra qeyd edib ki, dini-mənəvi dəyərlər insana axirət şüurunu aşılayır, fərd davamlı olaraq hər bir işə məsuliyyətlə yanaşır. Hər hansı bir əməlinin nəticəsini düşünən insan hərəkətlərinə, əməllərinə diqqət yetirir ki, bu da zərərli vərdişlərdən uzaq durmaq hissini aşılayır.
Seminar müzakirələrlə davam edib.
Məlumat üçün bildirək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində nəzərdə tutulmuş tədbirlər planına əsasən baş tutub.