Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) rektoru Çaba Guricanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
Universitetdən Mektebgushesi.az-a bildirilib ki, nümayəndə heyəti ilə görüşən Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov qonaqları salamlayaraq ADAU-nun maddi-texniki bazası haqqında ətraflı məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan Rektor Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını qeyd edib.
Görüşdə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman və “Agro dairy” şirkətinin bitkiçilik istiqaməti üzrə icra direktoru Ramil Məmmədov da iştirak ediblər.
Çaba Gurica təmsil etdiyi universitetin tədris metodikası, elmi tədqiqat işləri barədə ətraflı danışıb. Bildirib ki, Aqrar Universitetlə MATE arasında gələcəkdə həyata keçiriləcək sıx əməkdaşlıq hər iki ali təhsil müəssisəsinin inkişafına öz töhfəsini verəcək.
Sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.
Daha sonra birgə əməkdaşlıq perspektivləri, ikili diplom proqramlarının hazırlanması və müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olunub.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşdən sonra nümayəndə heyəti ADAU-nun müasir laboratoriyaları və aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olublar.