Dərc olunub: 02.10.2024

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün seminarlar təşkil olunub.  Seminarlar İndoneziyanın Sunan Kalijaqa Dövlət İslam Universitetinin müəllimləri tərəfindən Aİİ-də təşkil olunub.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını səmimi salamladıqdan sonra, məruzələr üçün qonaqlara təşəkkürünü bildirib. Rektor silsilə mühazirələrin tələbələrin dünyagörüşlərinə, təhsillərinə müsbət təsir göstərəcəyini qeyd edib, onlara uğurlar diləyib.

Rektor bu seminarların İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən III Beynəlxalq Simpozium çərçivəsində Aİİ ilə İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən keçirildiyini və bunun tələbələr üçün əhəmiyyətini diqqətə çatdırıb.

Dillər və ictimai fənnlər kafedrasının dosenti Elvüsal Məmmədovun moderatorluq etdiyi seminarda sözügedən universitetin  Ədəb və mədəniyyət elmləri fakültəsinin Tədris işləri üzrə dekan müavini, dosent Ubaidillah M.Hum. məruzə edib. Məruzəçi “Quranda cənnət obrazı: linqvistikada analitik araşdırma” mövzusunda danışıb. O, çıxışında müxtəlif dinlərdə, o cümlədən İslamda cənnət obrazını müqayisəli şəkildə araşdırıb, onun linqvistikada analitik araşdırılması metodları barəsində ətraflı bəhs edib.

Daha sonra Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun moderatorluğu ilə seminarda  Sunan Kalijaqa Dövlət İslam Universitetinin İslam tarixi və mədəniyyəti kafedrasının müdiri Risvinarno M.M “İndoneziya arxipelaqında yaşayış şəraitinin müxtəlifliyi”, İslam tarixi və mədəniyyəti kafedrasının müəllimi Fatiyah M.A. isə “Yoxsulluq zamanı iman: Betahvalanq, Demakda (Mərkəzi Yava, İndoneziya) sahilyanı icmaların dindarlığının və dini təcrübələrinin araşdırılması” mövzularında məruzələr ediblər.

Seminarlar qarşılıqlı müzakirələrlə davam edib, sonda məruzəçilərə Aİİ-nin sertifikatları təqdim olunub.

Məlumat üçün bildirək ki, sözügedən təlimlər cari ilin may ayında İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən III beynəlxalq simpozium çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən keçirilib.

 

 

Bənzər yazılar