Dərc olunub: 01.10.2024

“Məktəbdə…” layihəsinin yeni dərs ilində ilk görüşü paytaxtdakı 44 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı pedaqoji elmlər namizədi, dosent, Əməkdar müəllim Ənvər Abbasov olub.

Beynəlxalq Müəllimlər Günü ərəfəsində məktəblilərlə görüşən Ə.Abbasov müəllim adının müqəddəsliyindən, daşıdığı bəşəri missiyadan söz açıb. Müəllimin daxili bütövlüyü ilə cəmiyyətə nümunə olduğunu bildirən qonaq öz müəllimlərini xatırlayıb, məktəb illəri ilə bağlı xatirələrini bölüşüb.

Qonaq dünya ölkələrinin təhsil ənənələri, XXI əsrin məktəbi və şagirdinin qarşısına qoyulan tələblərdən, son illərin təhsil islahatları və əldə olunan nəticələrdən, “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən məktəb təşəbbüslərindən, təhsilə ictimai baxışdan, hər zaman qorunmalı olan müəllim nüfuzundan danışıb, ixtisas seçimində diqqət edilməsi vacib olan məqamlardan, mütaliənin faydalarından bəhs edib.

Qonaq şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən sualları cavablandırıb, vacib mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Bənzər yazılar