Dərc olunub: 30.09.2024

 

Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinin Beynəlxalq departamentinin ikili diplom proqramının rəhbəri Mədinə Sabirovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda olub.

Bu barədə ADU-dan bildirilib. Qonaqlarla görüşdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ADU-da çinşunaslıq ixtisası üzrə təhsilin və elmin uğurlu inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə ətraflı məlumat verib. O, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə Azərbaycanın təcrübələrinin Cin ilə əməkdaşlıq üçün geniş perspektivlər yaratdığını qeyd edib. R.Abbasov, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Dialoq üçün tərəfdaş” statusuna malik olan Azərbaycanın təcrübəsini, ŞƏT üçün aktual olan, Azərbaycanın zəngin təcrübəsinin olduğu sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu bildirib.

Qonaqlar ADU-nun Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda, Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini, ADU-nun Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin gücləndirilməsinə böyük töhfə verməsini yüksək qiymətləndirib. Mədinə Sabirova vurğulayıb ki, Azərbaycan xalqı multikulturalizm modeli ilə ehtirama layiqdir. Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinin Konfutsi İnstitutunun direktoru Toliken Haribek Böyük İpək yolunun bərpa edilməsi üzrə qlobal layihənin reallaşdırılması sahəsində Azərbaycan-Çin-Qazaxıstan elmi əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra iki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan Prezidentinin iki ölkə arasında münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı (2003- 2023 illər)” adlı kitab qonaqlara təqdim edilib.

Bənzər yazılar