Dərc olunub: 30.09.2024

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İngiltərənin Vestminster Universiteti arasında imzalanmış Memarlıq abidələrinin bərpası və yenidən qurulması üzrə magistr dərəcəsi üzrə ikili diplom proqramı çərçivəsində Xarici əlaqələr şöbəsinin müdiri və Ekologiya kafedrasının baş müəllimi Fərhad  Əliyev Vestminster Universitetində səfərdə olub.

Səfərin məqsədi iki universitet arasında əməkdaşlığın genişləndirilməsi, tələbələr üçün təhsil imkanlarının artırılması və yeni layihələrin müzakirəsi olub.

Fərhad Əliyev səfər çərçivəsində Vestminster Memarlıq və Şəhərlər Məktəbində keçirilən magistr proqramının məzun sərgisində iştirak edib. Bu sərgi tələbələrin memarlıq sahəsindəki ən son layihələrini təqdim etdiyi platforma kimi mühüm rol oynayıb. Eyni zamanda, Xarici əlaqələr şöbəsinin müdiri Vestminster Universitetinin rəhbər heyəti ilə də görüşlər keçirib. Görüşlər zamanı ikili diplom proqramının inkişafı və gələcəkdə yeni layihələrin icrası məsələləri ətrafında söhbət aparılıb. Hər iki tərəf tələbələrin beynəlxalq təcrübə qazanması və memarlıq sahəsində innovativ yanaşmaların tətbiqinin vacibliyini vurğulayıblar.

Bunlarla yanaşı, şəhərsalma sahəsində ikinci bir ikili diplom proqramının imzalanması üçün də ilkin razılığa gəlinib. Yeni əməkdaşlıq istiqaməti tələbələrə şəhərsalma üzrə daha geniş təhsil imkanları təqdim edərək, Azərbaycanın bu sahədə yetişən mütəxəssislərinin beynəlxalq arenada mövqeyini gücləndirəcək. Birgə əməkdaşlıq tələbələrin bilik və bacarıqlarını artırmaqla yanaşı, Azərbaycanın memarlıq məktəbinin nüfuzunu da artıracaq. İkili diplom proqramı vasitəsilə tələbələr həm nəzəri, həm də praktiki biliklər qazanacaq, beynəlxalq səviyyədə rəqabətə davamlı peşəkar kadr kimi formalaşacaqlar.

Bənzər yazılar