Sentyabrın 25-də Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində –
Fundamental Kitabxanada I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilib.
Forumda Rusiya və Azərbaycan tərəfindən elm və təhsil sahəsinin rəsmiləri, o
cümlədən Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycan
Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar
İttifaqının prezidenti və Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi
iştirak ediblər.
Foruma iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri qatılıblar.
Tədbirdə müvafiq dövlət qurumlarının, Rusiya Federasiyası ilə Azərbaycan
Respublikasının elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə
çıxış ediblər.
Forumda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru
professor Cəfər Cəfərov “Təhsil sahəsində universitetlərarası əməkdaşlığın
inkişafı” sessiyasında məruzəçi kimi çıxış edib.
Forum çərçivəsində keçirilən sessiyalar və ekspert görüşlərində Azərbaycan və
Rusiya arasında ali təhsil və elm sahəsində əməkdaşlığın inkişafı, o cümlədən
təhsil müəssisələri və özəl sektor arasında birgə əməkdaşlıq imkanları müzakirə
olunub, həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının
iclası keçirilib.
Səfər çərçivəsində ADPU ilə Moskva Dövlət Pedaqoji Universiteti arasında
əməkdaşlıq müqaviləsi imzalanıb. Moskva Dövlət Linqvistika Universiteti ilə olan
mövcud müqavilənin yenilənməsi və əməkdaşlığın davam etdirilməsi haqqında
razılıq əldə olunub.
ADPU-nun bu forumdakı iştirakı Rusiya ilə təhsil və elm sahəsində əməkdaşlığa
yeni təkan verərək, universitetlərarası birgə layihələrin həyata keçirilməsi,
akademik mübadilə və birgə tədqiqatların aparılmasına mühüm töhfə verəcək.
Dərc olunub:
30.09.2024