Dərc olunub: 27.09.2024

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Anım Günündə universitetin kollektivi şəhid olmuş tələbə və məzunların ailə üzvləri ilə birlikdə UNEC-də ucaldılan Şəhidlər Kompleksini ziyarət edərək, önünə gül dəstərləri düzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir UNEC Muzeyində davam edib. Muzeydə Vətən müharibəsində şəhid olmuş UNEC-in 27 tələbə və məzununun şəhid olduqları rayonlardan götürülmüş torpaqlarından ibarət guşənin, eyni zamanda şəhidlərin tələbələr tərəfindən çəkilmiş rəsmlərinin stendin açılışı olub.

UNEC rektoru professor Ədalət Muradov şəhidlərin xatirəsinin xalqımızın qəlbində hər zaman əbədi yaşayacağını bildirərək, onların qısa, lakin şərəfli ömür yolunun hər kəs üçün qürur mənbəyi olduğunu qeyd edib. UNEC kollektivinin şəhidlərin məzarlarını və ailələrinin hər zaman ziyarət etdiyini bildirən rektor, onların UNEC-in dəyərləri olduğunu deyib.

Rektor tələbə və məzunların şəhid olduqları torpaqlardan ibarət UNEC Muzeyində yaradılmış guşə barədə də məlumat verib: “Bu gün açılışına toplaşdığımız guşədə Vətən müharibəsində şəhid olmuş 27 tələbə və məzunun şəhid olduqları ərazilərdən gətirilmiş torpaqlar var. Bu torpaqlar şəhidlərimizin adları, onların şəhidlik zirvəsinə ucaldıqları rayonlar və şanlı bayrağımızla birlikdə xüsusi hazırlanaraq, “Dəmur yumruq” ətrafında birləşib”.

Professor Ədalət Muradov UNEC-in Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvü olan Eşqin Quliyev və Zəhra Məmmədova tərəfindən çəkilmiş şəhid rəsmlərinin UNEC tələbələrinin şəhidlərimizin əziz ruhuna böyük hörmət və ehtiramlarının ifadəsi olduğunu deyib.

Anım Günündə iştirak edən şəhid valideynləri övladlarının şəhid olduqları ərazilərdən gətirilmiş torpaqlardan, eləcə də canlı təsvirlərindən duyğulu anlar yaşayıblar. Onlar Vətən uğrunda canlarını fəda etmiş övladları ilə qürur duyduqlarını bildirərək, xatirələrinin yaşadığı müddətdə onların ölməzliyə qovuşduqlarını söyləyiblər.

27 Sentyabr – Anım Günü ilə əlaqədar UNEC-in rəhbərliyi və müəllim-tələbə heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında da olublar. UNEC kollektivi xatirə daşının önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Bənzər yazılar