Dərc olunub: 27.09.2024

 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Gününə həsr  olunmuş tədbir keçirilib.

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Aİİ-nin II kurs tələbəsi Qismət Rzayev tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov Anım Günü tədbirində çıxış edərək, Vətən müharibəsini şanlı tariximiz, şəhidlər və qazilərin qürur mənbəyimiz olduğunu vurğulayıb. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirib.

O qeyd edib ki, Müzəffər Ordumuzun və xalqımızın yazdığı bu tarixi Zəfər sabahımız üçün möhkəm bünövrədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncamda qeyd olunduğu kimi, “Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur…”.

Daha sonra rektor vurğulayıb ki, “Vətənimizin igid oğulları ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad etdilər. Şəhidlərimizin ruhu şaddır, Qarabağ azaddır! Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan öz suverenliyini tam təmin edib.

Aİİ rektoru vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir.

Daha sonra Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov çıxış edib. O, 44 günlük Vətən müharibəsinin şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarının özlərindən sonra bizə Vətən boyda əmanət qoyub-getdiklərini qeyd edib. O vurğulayıb ki, onlar canlarını Vətən uğrunda fəda edərək, qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Biz də müqəddəs dəyərlərimizə sahib çıxmalıyıq.

Vətən müharibəsi şəhidi, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin məzunu Vüqar Məmmədovun anası Əsmər Məmmədova oğlunun ordu sıralarına könüllü qoşulduğunu qeyd edib. Şəhid anası onun keçdiyi döyüş yolundan bəhs edib. Vətən müharibəsi şəhidlərini və qazilərini hər zaman yad edən Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə təşəkkürünü bildirib.

Daha sonra Aİİ İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa “Qələbə tariximiz” mövzusunda çıxış edib.

Tədbirdə Azərbaycan Televiziyasının “Tarixin izi ilə” layihəsi çərçivəsində hazırlanmış “Qarabağın qədim tarixi” filmi nümayiş olunub.

 

Bənzər yazılar