Dərc olunub: 27.09.2024
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov bildirib ki, şanlı Qələbə tariximizin yazılmağa başlandığı gündən – 44 günlük Vətən müharibəsindən 4 il ötür. Məhz 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatları Qarabağın azadlığı uğrunda müqəddəs Vətən müharibəsinə çevrildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdilər.
Kafedranın baş müəllimi Çinarə Səfərova və Vətən müharibəsi qazisi İlqar İsmayılov öz çıxışlarında ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələrinin xalqımız və dövlətimiz tərəfindən tərəfindən daim uca tutulduğunu diqqətə çatdırıblar.
Digər çıxış edənlər xalqımızın Vətən müharibəsi günlərində bir yumruq kimi Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında birləşdiyini bildirilib, şəhidlərimizin xatirəsinin əbədi yaşayacağına əminliklərini vurğulayıblar.
Sonda II kurs tələbələri Arzu Rüstəmova və Banuçiçək Atakişiyeva Anım gününə həsr olunan şeir parçaları səsləndiriblər.

Bənzər yazılar