Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan Memarlıq İrsi” Mərkəzinin təqdimatı və ilk iclası keçirilib.
Bu barədə AzMİU-dan bildirilib. Universitetdə fəaliyyət göstərəcək Mərkəz akademik heyət və tələbələrin Qərbi Azərbaycanda yerləşən zəngin memarlıq irsini araşdırmaq, bu sahədə tədqiqatlar aparmaq, abidələrin tarixi və mədəni dəyərini geniş auditoriyaya çatdırmaq məqsədilə yaradılıb.
İclasda Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili Mərkəzin gələcək fəaliyyət istiqamətlərindən danışıb, tələbələri Qərbi Azərbaycan memarlıq abidələrinin tarixi və mövcud vəziyyəti haqqında məlumatlandırıb. THİK sədri həmin ərazilərdə olan tarixi abidələrin təkcə Azərbaycan xalqının deyil, ümumbəşəri mədəniyyətin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. O, universitet tələbələrinin bu irsin öyrənilməsinə marağını yüksək qiymətləndirib, Mərkəzin onlar üçün həqiqi axtarış və yaradıcılıq məktəbi olacağını, tədqiqatçı kimi yetişmələri ilə yanaşı, qədim yaşayış məskənimizin öyrənilməsi işinə böyük töhfə verəcəyini deyib.
Təqdimat zamanı bildirilib ki, Qərbi Azərbaycan ərazisi əsrlər boyu bir çox mədəniyyətləri özündə ehtiva edib və bu zəngin tarix bölgənin memarlıq irsində də öz əksini tapıb. Orada yer alan tarixi abidələr, o cümlədən qədim qala divarları, orta əsr məscidləri, karvansaralar müxtəlif dövrlərin memarlıq üslublarını əks etdirir. Təəssüf ki, bu abidələrin bir çoxu siyasi səbəblərdən ciddi zərər görüb və ya məhv edilib. Mərkəzin fəaliyyəti ilə həmin abidələr barədə məlumatların yenidən gündəmə gətirilməsi, onların qorunması və tanıdılması üçün tələbə elmi-tədqiqat işləri, arxiv araşdırmaları təşkil ediləcək. Tələbələr bu mirası araşdıraraq dünya ictimaiyyətinə tanıdılmasına səy göstərəcəklər.
İclasda, həmçinin Mərkəzin fəaliyyət planlarından danışılıb. Mərkəz tərəfindən yerli və beynəlxalq səviyyəli konfranslar, sərgilər, kitab nəşrləri və elmi-tədqiqat layihələrinin təşkil ediləcəyi deyilib. Sadalanan işlərin fonunda Qərbi Azərbaycan memarlıq irsi dünya miqyasında daha geniş tanıdılacaq, onun bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğu vurğulanacaq.
Qeyd edək ki, AzMİU-nun tələbə və müəllimləri bu Mərkəz vasitəsilə həm Qərbi Azərbaycanın mədəniyyətinə, həm də ümumi memarlıq tarixinə mühüm töhfələr vermək niyyətindədirlər. Bu təşəbbüs Azərbaycan xalqının öz mədəni irsini qorumaq və gələcək nəsillərə çatdırmaq əzminin bir göstəricisidir.