Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat prosesi davam edir.
Mektebgushesi.az xəbər verir ki, bunu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi Fidan Quluzadə deyib. O bildirib ki, “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanı təmin edən layihədir: “Layihədə iştirak etmək istəyənlər öz yaş və dil biliyi səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir”.
Fidan Quluzadə qeyd edib ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveç, Fransa və digər ölkələrdə yaşayan həmvətənlərimizdən ibarət 30 qrup üzrə 500-dən çox şəxs qoşulub: “Layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarı olanlar üçün əlavə iki qrup təşkil olunub. Layihənin sonunda isə imtahandan uğurla keçən iştirakçılara sertifikatlar verilib”.