Rusiyada iki məktəbli hərbi “Mi-8” helikopterini yandırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Baza” “Telegram” kanalı mənbələrə istinadən xəbər verib.
Bildirilir ki, Omskda sentyabrın 21-i axşam iki gənc aviabazanın ərazisinə daxil olub, daha sonra helikopterə yanğın törədən maddə olan butulka atıb və qaçıblar. Daha sonra onlar saxlanılıblar.
Hücumçular 16 yaşlı Roman və Anton olub. Onların sözlərinə görə, “Telegram”dan helikopteri məhv etmək tapşırığı verilib və bunun müqabilində 20 milyon rubl (367.7 min manat) vəd edilib.
Onların pulu almadığı vurğulanır.
Xatırladaq ki, sentyabrın 11-də iki məktəbli Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk aerodromuna daxil olaraq “UTair” şirkətinə məxsus “Mi-8” helikopterini yandırmışdılar. Onlar özləri də yanğın törədən maddədən ciddi yanıqlar alıblar və xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən saxlanılıblar.