ABŞ-ın Pensilvaniya ştatında yerləşən Filadelfiya şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 49-cu illik konfransı keçirilir.
“Süni intellekt təhsilin qiymətləndirilməsinin təkmilləşməsinə necə kömək edə bilər?” mövzusunda təşkil olunan konfransda Dövlət İmtahan Mərkəzinin (DİM) Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsinin müdiri Tural Mustafayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov, Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva və həmin şöbənin aparıcı məsləhətçisi İlahə Nəbizadə iştirak edirlər.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, konfrans müddətində Könül Hacıyeva “İmtahan modelinin namizədlərin ehtiyaclarına uyğunlaşdırılması: hibrid imtahan modelinə doğru kiçik addım”, İlahə Nəbizadə isə “Azərbaycanda tam orta təhsil səviyyəsində ingilis dili üzrə oxu bacarığını yoxlayan test tapşırıqlarının xüsusiyyətləri” adlı təqdimatlarla çıxış edəcəklər.
DİM-in əməkdaşları ötən gün konfrans çərçivəsində təşkil olunmuş “Formativ qiymətləndirmə bacarıqlarının təkmilləşdirilməsi: inkişaf etməkdə olan ölkələrin təhsilinə təsirləri”, “Genişmiqyaslı qiymətləndirmələrdə tələbə və qrup davranışlarını anlamaq və öyrənmək üçün metodologiyalarda yeniliklər” və “Yazı işlərinin qiymətləndirilməsində süni intellektin istifadəsinin ən yaxşı təcrübələri ” mövzularında keçirilən seminarlarda iştirak ediblər.
Qeyd edək ki, DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür, 2007 və 2019-cu illərdə təşkilatın illik konfranslarına ev sahibliyi edib.